ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


AŞIQ ŞƏMŞIRİN DASTAN YARADICILIĞI



Dədə Şəmşrin ailə-əxlaq üzərində qurduğu “Şəmşir və Sənubər” dastanı ustadın yaşadığı acılı-şirinli dünyanın epik-lirik məqamları üzərində qurulan həyat səlnaməsidir. Nədənsə, dastanda bütün obrazları öz adı ilə saxladığı halda, Dədə Şəmşir ömür gün yoldaşı Güllü nənəni “Sənübər” adı ilə bir növ ismi-pünhan obraz kimi dastanın sujetində oxucsuna sevgisində ardıcıl, qayım-qadım, xoş, qədim türk xanımı kimi təqdim edir.
Digər məhəbbət dastanlarındanh fərqli olaraq dastan önü verilmiş üç ustadnaməözünündür.
Bu ustadnamələrdə aşıq dinləyiçilərə mərdlik, xalqa, vətənə məhəbbət, sədaqət kimi insani keyfiyyətlər aşılayır, onları pis əməllərdən uzaq olmağa, hər deyilən sözə inanmamağa, hər adama sir verməməyə çağırır.
Aşıq Şəmşir “Şəmşir və Sənubər” dastanını düzüb qoşarkən üç mərhələli ustadnamədən, bir haqq qapısı divanidən, 30 bəndlik 6 gəraylıdan, 98 bəndlik 28 qoşmadan, çoxlu gəraylı, qoşma, müxəmməs üzərində deyişmə, qıfılbənd və 6 bəndlik toyaxarı duvaqqapmalı xeyir-duadan istifadə etmişdir.

Aşıq Şəmşrin ən çox müraciət etdiyi şe’r nümünələri bunlardır:

Təsnif, bayatı, gəraylı, qoşma, təcnis, divani, müxəmməs və onların şəkilləri.


MƏN DƏDƏ ŞƏMŞİR

Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidağ,
Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

Lalədi, nərgizdi evim-eşiyim,
Köynəyim sıx meşə , qoymaz üşüyüm.
Qərənfildi, qızılgüldü beşiyim,
Buz bulaqlı göy yaylaqların oğluyam.

Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
Vüqarım Şah dağı: əl çata bilməz.
Məkanım Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli bir laləzar oğluyam.

Cavahirdir Azərbaycan torpağı,
Qızıl, gümüş, hər sərvətin yatağı.
Uca zirvələrin-lalə bayrağı!
Şəmşirəm, nə gözəl diyar oğluyam.

GÖRƏYDİM,

Yenə at çapaydım Çöplü dağında,
Düz yurd lalasını bir də görəydim.
Könlümün intizar, həsrət çağında,
Qara qayasını bir də görəydim.

Gün ana qoynundan təzə çıxanda,
Şuası aləmə nurlar yaxanda.
Taladan o taya sarı baxanda,
Dağlar hanasını bir də görəydim.

Çıxaydım Turşsudan Quş yuvasına,
Baxaydım Buzluğun tamaşasına,
Könlüm yetişərmi təmənnasına?
Təmiz havasını bir də görəydim.

Sarıdağ, Dovudlu, Qurğan yalını,
Həmzə çəməninin yaşıl-alını.
Soruşub qohumun, dostun halını,
Eli-obasını bir də görəydim.

Şəmşir, nə arzudur, düşübsən dərin?
Daha qocalmısan, varmı xəbərin?!
Ağdaban kəndində bizim yerlərin,
Qurğu-binasını bir də görəydim.

QOŞMALAR

Vətənin.

Könül aşiqisən dolan, yorulma,
Hey başına, ayağına vətənin.
Bu cənnətdən qeyri yana vurulma,
İsin isti ocağına vətənin.

Ata yolu saxlayırmı hər oğul?
Öz yurdunun qurbanıdı hər oğul.
O bir ana, mən də ona bir oğul,
Sığınmışam qucağına vətənin.

Qoy güllə xainin gözünə dəysin,
Şəmşirin söz oxu üzünə dəysin.
Daş atanın daşı özünə dəysin,
Toxunmasın dırnağına vətənin.

Oğluyam

Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidağ,
Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
Vüqarım Şah dağı - əl çata bilməz.
Məkanın Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli bir laləzar oğluyam.

Cavahirdir Azərbaycan torpağı,
Qızıl, gümüş hər sərvətin yatağı,
Uca zirvələrin – lalə bayrağı,
Şəmşirəm, nə gözəldi diyar oğluyam.

Qocaldım

Təkcə mən deyiləm xətti çal olan,
Baxıram qocalan çoxdu, qocaldım.
Cavanlıq eşqini əlimdən alan
Axır mənə belə baxdı, qocaldım.

Qocalıq qış fəsli, boranlı qardı,
İnsanın ömrünə qorxusu vardı.
Elə ki, saqqalım, saçım ağardı,
Bildim ki, yeti8şən vaxtdı, qocaldım.

Şəmşirəm, dil verdi nəğmə dilimə,
Qulluq etdim vətənimə, elimə
Dərman hanı qocalığa, ölümə..
Neynəyim ki, çara yoxdu, qocaldım.

Gedirəm

Qədərindən artıq qəmlər yemişəm,
Gözüm bu cahandan doyub, gedirəm.
İsgəndər dünyada əliboş getdi,
Mən hansı xəzinə qoyub gedirəm?

Biz abad etmişdik o viran yurdu,
Kim ucaldı, kim yıxıldı, kim durdu?!
Qəza oxun atdı, nə irast vurdu,
Qəlbimə yaralar dəyib, gedirəm.

Eşq oduna dönə-dönəyanmışam,
Məhəbbət azalıb-dürüst qanmışam,
Şəmşirəm, gərdişə səhv inanmışam,
İkəlli başıma döyüb gedirəm.

GƏRAYLILAR.


Kəlbəcərin.

Bal toplayır çiçəyindən,
Yazda arı Kəlbəcərin.
Yüz bir çeşmə car eləyib,
Yaylaqları Kəlbəcərin.

Qaraxaçı, Dəlidağı
Al bəzənər bahar çağı.
Beçə bal, sarı yağı,
Boldu varı Kəlbəcərin.

Hava təmiz, yeri cənnət,
Yaranandan bəri cənnət.
Gülü abi-təri cənnət-
Çəmənxarı Kəlbəcərin.

Var hüsnündə nurdan niqab,
Şəmşir, yazıb bağla kitab,
Min suala verir cavab-
Dilavarı Kəlbəcərin.

Sazım.

Köynəksizdi, soyuq dəyib,
Yaman xəstəhaldı sazım.
Dərdə qaldı, hala yandı
Özün dərdə saldı sazım.

Küsüb pərdə dodaqları,
Dağılıb bənd – calaqları.
Yaman batıb qulaqları,
Həmişəlik laldı sazım.

Şəmşir səni necə atsın?!
Sənsiz səsi hara çatsın?!
Yorğun düşüb, qoyun yatsın,
Bəlkə durub çaldı sazım.

Torpaq.

Xəlq olandan sən olmusan,
Bizə ata, ana, torpaq.
Sən qüdrətdən yaranıbsan,
Çatdın ada, sana, torpaq.

Bir yuvasan insanlara,
Bac vemədin tufanlara.
Baş əymədin xaqanlara,
Nə sultana, xana, torpaq.

Hörmət səndə, sərvət səndə,
Şan, şücaət, şöhrət səndə.
Bir tükənməz dövlət səndə,
Çatdın şövkət, şana torpaq.

Şəmşir aşiq olub sənə,
Anam kimi görün mənə.
Əl uzat qədir bilənə,
Yaşat, yetir sona torpaq.

Məni.

Usanmışam öz canımdan,
Qəm veribdi bada məni.
Yaralandım ayağımdan,
Saldı yanar oda məni.

Tez qocaldır qəm insanı,
Çağırma həkim, loğmanı.
Çatdırdı çərxin dövranı
Bir pak, təmiz ada məni.

Şəmşir çəkir nə cəfadır,
Bir görüşmək min cəfadır!
O yar necə bivəfadır:
Daha salmır yada məni.

Günlər.

Hanı Qurban, hanı Xəlil,
Yada düşdü keçən günlər.
Cəh-cəh vurub bağda bülbül,
Daldan-dala uçan günlər.

Mərd üzülməz qatarından,
Könül düşməz vüqarında.
Vəfalı dost ilqarından,
İnan, olmaz qaçan günlər.

Aşıq, dilək dilə haqdan,
Şahin baxdın, düşmə taxtdan!
Olacaqmı daş bulaqdan
Şəmşir, bir də içən günlər?..

Kəlbəcərdi.

Bir xoş guşə varsa əgər,
O da bizim Kəlbəcərdi.
Duyan könlüm, sevən qəlbim,
Gülər üzüm Kəlbəcərdi.

Obasında qonaq qaldım,
Qucağında gec qocaldım.
Ellərindən ilham aldım,
Şe`rim, sözüm Kəlbəcərdi.

İstisuyu min dərmanlı,
Loğman əlli, adlı-sanlı.
Gəl and içim sağlam canlı,
Canım, gözüm Kəlbəcərdi.

Buz çayı var, tər torpağı,
Mə`dənlidi zər torpağı.
Belə deyir Dəlidağı:
-Oğlum, qızım Kəlbəcərdi!

Bu bağları el becərdi,
Bağçasında gül becərdi.
Əsil adı: “Gəl, becər” di,
Ləqəb sözüm – Kəlbəcərdi.

Şəmşirdəki geniş ürək,
Haqdı ona qüvvə-dirək,
Əmdiyim süd, halal çörək,
Tamım, duzum Kəlbəcərdi.

TƏCNİSLƏR.


Yaralı dağlar.

Yaxşı saxla, qaçıb ovçu əlindən
Sənə bir maralım yaralı, dağlar.
Təbib hanı, gəlib eləsin dərman,
Sızıldar, ah çəkər yaralı dağlar.

Şəmşir ağlar, hanı desin”can” ana,
Yaxşı canı gərək şirin can ana.
Mən getsəm də, vətən qalsın canana,
Geyinib sallansınyar alı, dağlar.

QABAQ – QABAĞA.

Səməd Vurğun:
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar işəndə
Saz tutub,söz qoşub,yada sal məni.

Aşıq Şəmşir:
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şe`rdə bir mayak səni.

Səməd Vurğun:
Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm,yamandı ayrılıq dərdi.
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba,bu mahal məni.

Aşıq Şəmşir:
Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar
Gəzirəm əlimdə şam – çıraq səni.

Məmməd Aslan:
Aşıq Şəmşir, nə müddətdi getmisən,
Heç demirsən: dostu-yarı görəydim.
Nə üz-gözüm öyrənəydi əzəldən,
Nə də belə intizarı görəydim.

Dədə Şəmşir:
Fəxr edəydin mənim qoca adımdan,
Nolar, gəlib ixtiyarı görəydin.
Kirə istəməz ki, quş qanadından,
Yol salaydın bizə sarı, görəydin.

Məmməd Aslan:
Aşıq olan dildən diribaş olar,
Hansısa sirr versən, dərhalfaş olur.
Niyə belə kasad olur, boş olur
Aşıqların beh- bazarı görəydim.

Dədə Şəmşir:
Şəmşirə dəyirsən, farağat otur,
Mə`nanı duyuram, düşürəm “qotur”.
Elan etməlisən: söz kimi tutur?
Gərək gəzib dilazarı görəydin.

87 il mənalı ömür sürmüş, ağır-ağır bəynişən oğulların, Sultannigar-Kəmərbəstə ismət-qeyrət mücəssiməsi xanımların, elat qızların toy nişan məclisinə “Divani” xeyir-duasına “Duvaqqapma” ilə rövnəq verən Dədə Şəmşir bu günə qədər ədəbi ictimaiyyət arasında arasında imzası bəlli-başlı olan professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə, M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dossentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadiq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, Bəhmən Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri, Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlarımız da ayrı-ayrı illərdə dövri mətbuatda Şəmşir dünyasından,şerlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açmışlar.

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az