AŞIQ
ŞƏMŞİR YARADICILIĞINDA VƏTƏN, TORPAQ, DOST-İNSAN MƏHƏBBƏTİ
Tarixdə
elə bir mütərəqqi söz xiridarı təsəvvür etmək deyildir
ki, o, sinəsində boya-başa çatdığı, laylası ilə uyuduğu,
oxşaması, nazlaması ilə oyandığı müqəddəs torpqğını, vətənini
ən əziz neməti kimi tərənnüm etməmiş olsun. Bax beləcə,
vətən-torpaq vurğunu ustad, azman Aşıq dədə Şəmşir də
sinəsində boya-başa çatdığı dağlar diyarı ulu cavanşir
mahalında sazı-sözü ilə Azərbaycanın hər qarış torpağını
yüksək səviyyədə tərənnüm etmişdir.
“Vətənin” ustadnaməsində aşıq deyir:
Könül aşiqisən, dolan yorulma,
Hey başına, ayağına Vətənin.
Bu cəhətdən qeyri yana vurulma,
İsin isti ocağına Vətənin.
Ata yolu saxlayarmı hər oğul,
Öz yurdunun qurbanıdı hər oğul.
O bir ana, mən də ona bir oğul,
Sığınmışam qucağına Vətənin.
Zəhmət qudrətidi bizdə səs-hənir,
İşgüzar əllərdən dağlar səksənir.
Baxır heyran qalır, təbəssümlənir,
Ay da, gün də mayağına Vətənin.
Vətənpərvərlik motivi ilə mayası yüklənən
bu poetik öyüm-deyimində aşıq öz mətləbini möhürbəndində
belə təstiqləyir:
Mərd ata-mərd oğul –el misalıdı,
İgidin ürəyi öz mahalıdı,
Kişinin əzası qarşımalıdı,
Ölən günü torpağına Vətənin.
- deyən aşıq köksündə boya-başa çatdığı,
nəfəs aldığı Vətən torpağını müqəddəs kəfən sayır.
Aşıq Şəmşir şerlərində torpaq, yurd -Vətən məhəbbətini
ön plana çəkir.
Öz elində cida düşən insanın,
Can deyib yanını kim kəsər, ağlar,
Vətən deyib cənazəsi sızıldar,
Qəbrini qazanda bel, düşər, ağlar.
Ayrı salmaq bu fələkdən peşədir,
İnan, söz qanana söz əndişədir,
Qəribə toxunma - qəlbi şüşədi
Xətrinə dəyərsən tez küsər, ağlar.
... Bu misal mahaldı, eldə əyandı
Tülkü öz yerində şirdi, aslandı,
Qarğa vətənində tülək tərlandı,
İgid qürbət eldə bel bükər ağlar.
Kişiliyi, qeyrəti insanlıq üçün baş
ucalığı sayan Aşıq Şəmşir nakişilərə qarşı
amansızdı, barışmazdı. Dədənin “Keçər” rədifli qoşma -
nəsihətinə diqqət yetirmək yerinə düşərdi:
Lütfü təmiz, əsli, zatı pak olan,
Nə dosta kəm baxar, nə üzdən keçər.
Misri qılınc olar xalis poladdan,
Qulovu qayıtnaz filizdən keçər.
Aranı pozmasa viran bayquşu,
Arifin, alimin dağılmaz huşu.
İgidin ilqara bağlı olmuşu,
Nə bizdən yan ötər, nə sizdən keçər.
..Saf seçilib camaatda tanınmış,
Səxavətdə, kəramətdə tanınmış.
Cəsarətdə, məharətdə tanınmış,
Dəryadan pəsinməz, dənizdən keçər.
Aşıq Şəmşirin “Dədə” lik ad-titulunu
qazandığına haq qazandırmaq üçün poetik duyumundan bəzi
tütyələrə misra, beyt, bənd təqdimində diqqət yetirmək
yerinə düşərdi:
“Çoxlu ev tikincə, çoxlu dost qazan,
Nə vaxtı-vədəsi ötməmiş hələ”.
“Bir tale, bir də ki, qeyrət köməkdi,
Şəmşir kimi ixtiyarsız olana”.
“Bir qotur danadan puç olur naxır,
Qalay sürtüləndə görünür paxır,
Dəvələr nalbəndə necə ki, baxır,
Nadan da Şəmşirə eləcə baxdı”.
Gətirilən bu nümunədə demək olar ki,
hər misra özlüyündə bir atalar sözüdü. Çox cüzi dəyişiklik
nəzərə alınmazsa, Şəmşir deyimi-öyümü Azərbaycan atalar
sözünün eynidir.
Qəribədir ki, ustad-dədə bəzən atalar sözünü qabaq-qarşı
müraciət etdiyi oxucusu-dinləyicisi ilə poetik sual sual
tərzində imtahana çəkir və özü də sualına çox ustalıqla
dolğun cavab verir. Bu baxımdan, Dədə Şəmşirin 13 bəndlik
“Getdimi, getdi” qoşma-ustadnaməsi fikrimizə təsdiq baxımından
bir poetik möcüzədir.Bu şe`rdə oxucunu heyrətə gətirən
odur ki, ustadın deyim-yüm poetik diazpazonu çoxşaxəlidir:
Bir kəsə qalmadı dünyanın varı,
Hanı xan, xaqanlar getdimi, getdi?!
Atanlar, tutanlar, mənəm deyənlər,
Vuranlar, yıxanlar getdimi,getdi?!
Qızıldan, gümüşdən anbar yığanlar,
Onlardan nişanə bir tikəmi var?!
Qoyub sapandına atdı ruzigar,
Xəzinə yığanlar getdimi, getdi?!
Özgələr malından maya tutanlar,
Halal mayasına haram qatanlar,
Yaxşı dostu mala-pula satanlar,
Alçaqlar, nadanlar getdimi, getdi?!
Var idi şairlər, saysız ozanlar,
Ömrünün bağında əsdi xəzanlar,
Milyon ağırlıqda kitab yazanlar,
Aqillər, ürfanlar getdimi, getdi?!
Əzəl gündən aşiq oldum elə mən,
Bülbül kimi süsənə mən, gülə mən,
Şəmşirəm, elimlə varam hələ mən,
O şərlər, şeytanlar getdimi, getdi?!
Bu ustadnamə göstərdi ki, Dədə Şəmşir söz çeşidində, ifadə
seçimində kasıb deyil, barlı-bəhrəlidir. O, sözləri müxtəlif
məqamlara yönəltməyi bacarır.Şəmşir bir el ağsaqqalı,
bir dədə ozan kimi ictimai, elat saz aşığıdır.O, poetik
öyümünndə fürsəti fövtə verməyən cəsarətli, iradəli aşıq-şairdir:
Dad sənin əlindən millət qanmayan,
Cırılıb kğynəyim, çuxam əlindən.
Zəvzəyin səsini eşidən zaman,
Bacarmıram, ərşə çıxam əlindən.
Davanı özünə o, gəzir satın
Sinəmi yandırar sözü xoryatın,
Xainin, xəbisin, bicin, bədzatın,
Qaçıram, qurtarmır yaxam əlindən...
Bu nümunələrdə elat ifadələri dözümü
şe`rə poetik vüsət verir.Şe`ri daha da oxunaqlı edir.
Nədir Dədə Şəmşirin oxucusu, dinləyicisi ilə bölüşmək
istədiyi amal, ideal? Nədir ustadın oxucularına öyüd-nəsihəti?
Fikrimizcə aydınlıq gətirmək üçün ayrı-ayrı ustad kəlamlarından
seçmələrə müraciət etmək yerinə düşərdi:
..İnsan gərək qəm yuxusu yatmaya,
Mayasına zərrə haram qatmaya,
Ölənədək həmdəmini satmaya,
Pak ürəyi, etibarı gərəkdi.
Yaxud:
..Tapsın bu dünyada hər kəs tayını,
Şəmşir, sən də istə halal payını.
Əqrəb gözlərindən çala xaini,
Məqd insanın əsli, zatı gözəldi.
Və yaxud:
..Ocaqdan kül götür, yurddan sayanı,
Zəlil gördüm haram yeyib doyanı.
Halal işlə, halal qazan mayanı,
Eyləmə kimsəyə xəyanət, oğul!
Yaxud:
..Böyükdən nəsihət pirdi ki, pirdi,
Atalar demişdi, beynimə girdi.
Sözün yavaşı da, yeyini də birdi,
Ovqatını təlx eyləyər zoranlıq.
Bax budur, saz-söz dünyasında Aşıq Şəmşirin
“Dədə”liyi. Əgər desək ki, XX əsrin ən ustad zor saz aşığı
Dədə Şəmşirdir, burada heç bir qınaq sahibi olmarıq. Şəmşir
poetik duyumunda dədədir, dədə olaraq da yaşayacaqdı.