Dədə Şəmşirin sülaləsi öz tarixi kökləri
ilə XV-XVI əsrlərdə yaşamış Səfəvi dövlətinin başçısı
Şah İsmayıl Xətainin yaxın silahdaşı olmuş Miskin Abdal
ilə bağlanır.
Aşıq Şəmşrin “Öyüdlər” kitabının ön sözündə Füzuli Ramazanoğlu
yazır: Qoca tarixin yaddaşında cahanşümal hadisələrlə
yanaşı, cahanşümal şəxsiyyətlər də qalıb əbədiləşəcək.
Zərdüşt kimi, Qətran Təbrizi kimi, Nizami kimi, Bəhmənyar
kimi, Nəsimi kimi, Miskin Abdal kimi, Sabir kimi, Mirzə
Cəlil kimi, Üzeyir bəy kimi, Aşıq Ələsgər kimi, Ağdabanlı
Şair Qurban kimi...
Azərbaycanın tarixində o qədər qüdrətli, möhtəşəm simalar
var ki, nə qədər desən yazmaq, saymaq olar. Bu sarıdan
torpağımız kimi, adamlarımız da zəngindir. Belə zəngin,
dünyadüyümlü, əzəmətli şəxsiyyətlərimizdən biri də qüdrətli
saz-söz sərraflarımızdan biri sayılan Aşıq Şəmşirdir.
O, Miskin Abdal ocağında pöhrələnib, boy atıb böyük xalqın
nəğməkarına çevrilib”.
Ağdabanlı Şair Qurban adı ilə tanınan Dədə Şəmşirin atası
hələ XIX əsrin axırlarında bir vaxtlar ulu babası Miskin
Abdalın yaşadığı Göyçə Mahalının Sarıyaqub kəndində ətraf
oba-oymaqlarda şöhrət qazanmış məşhur “Miskin Abdal ocağı”ndakı
mollaxanada təhsil almış, mollaxana tələbələri içərisində
kəskin hafizəyə, möhkəm yaddaşa malik olduğundan, həmkarları
arasında zəngin bilik sahibi kimi məşhurlaşmışdı. O, ərəb,
fars dillərini mükəmməl bilirdi. Bu xususi istedad sahibinə
heyran qalan mollalar onun zəmanəsinin dərin, mükəmməl
təhsilli molası olacağını, el şairləri, ustad aşıqlar
isə Ağ Aşıq, Aşıq alı, Dədə Ələsgər kimi saz-söz sərrafı
olacağını söyləyirdilər. Onu da qeyd edək ki, XIX əsrdə
Göyçədə yetişən el şairləri, saz-aşıq şairləri Miskin
Abdalı özləri üçün övlüya, mürşüd hesab edirdilər.
Təsədüfü deyil ki, Dədə Ələsgər özünün “Abdal olduğunu”,
Növrəs İmanın isə:
“Yaxşı bəyənmişəm Miskin Abdalı,
Cəm imiş başında hüsnü kamalı”- kimi özünə ustad sayması,
Ağdabanlı Şair qurbanın soy kökünün dövrünün böyük sənətkarı
Miskin Abdala bağlanması: azman Ozanın- Miskin Abdalın
Dağıstanı gəzib dolanmasına rəğmən özünün yurdu Dəmirçidamı
“Bala Dağıstan” kimi şeirlərində yaşatması fikirimizə
haqq qazandırır.
Dədə Şəmşir şer-sənət dünyasında böyüdüyündəndir ki, erkən
yaşlarından, 15-16 yaşındn şer yazmış, sazla mehrlənmişdir.
Dədə Şəmşirin bu sənətə meylindən söhbət açan bütün-alim
ziyalılar onun ilk ustadının Ağdabanlı Şair Qurbanın özü
olduğunu dəyərləndirilər. Bir şagird kimi, Şəmşirin də
saz-söz sənətində ustadı Goranboyun Xan Qərvənd kəndindən
olan, o dövürdə sazı-sözü ilə tanınan, ağır-ağır toylar
keçirən, bəynişan oğlan-qızlara xeyir-dua verən Aşıq Sarı
olmuşdur. Aşıq Şəmşir 1915-ci ildən başlayaraq müstəqil
olaraq aşıqlıq etməyə başlamışdır.
Mənbələrin dövrü mətbuatda verdiyi məlumatlara görə, Şəmşir
xüsusi məktəb təhsili görməmişdir. Öz-özünə və həm də
atasının yaxından köməyi ilə ailə təhsili alıb, oxuyub-yazmağı
öyrənmişdir. Mənbələr Dədə Şəmşrin həm də iki il mollaxana
təhsili gördüyünü də məlumat verir.
Aşıq Şəmşrin “Öyüdlər” kitabının ön sözündə bu barədə
Füzuli Ramazanoğlu yazır:
“1920 ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda
Kəlbəcərin Qamışlı kəndində kənd sovetinin katibi işləyən
atasının yanında əvvəlçə köməkçi, sonra isə katib vəzifəsində
çalışıb. Uzun müddət kolxozda təsərrüfatla məşğul olub.
Müharibə vaxtı camaatın çörəklə təmin olunmasında xüsusi
xidmətlər göstərib... Bu sahədə göstərdiyi tarixi xidmətlərə
görə, 1957-ci ildə böyük sənətkar Respublikanın Əməkdar
İncəsənət Xadimi kimi yüksək ada layiq görülmüşdür”.
Dədə Şəmşrin böyük oğlu Qənbər Qurbanovun verdiyi məlumatdan
aydın olur ki, Aşıq Şəmşrin babası, Ağdabanlı şair Qurbanın
atası Məşədi Məmmədalının 5 oğlu varmış. Qurbanla Əmrah
gözəl təbə malik istedadlı el şairləridir.
Dədə Şəmşrin atası Ağdabanlı Şair Qurbanın isə 6 oğlu
və 4 qızı olmuşdur. Şəmşir, Bakir, Qara, Əmir, Talıb,
Sadıq, qızları: Tərə, Ceyran, Sərəncam və Savad. Ustadın
qardaşlarından Əmir və Talıb çox cavanikən dünyasını dəyişmişlər.
Qardaşlarından Qara və Bəkir Böyük Vətən Müharibəsinin
iştirakçısıdır. 1992-ci ilin aprel ayının 8-də hər iki
qardaş erməni cəlladları tərəfindən işgəncə ilə qətlə
yetrilmişdir. Elə həmin gün Dədə Şəmşrin sülaləsindən
olan 15 nəfər vəhşicəsinə öldürülmüşdür. 28 yaşlı nəvəsi
Qulu Şahbər oğlu erməni vəhşiləri tərəfindən diri-diri
odda yandırılmışdır.
Dədə Şəmşrin 10 övladı olmuşdur. Onlardan 5-i oğul, 5-i
isə qız idi. Oğlanlarının adı Qəmbər, Şahbər, Əkbər, Ələsgər,
Rəşiddir. Dədə Şəmşrin sevimli oğlu Əkbər 1965-ci ildə
faciəli şəkildə həlak olmuşdur. Ələsgər 2003-cü ildə təsədüfü
bir qəza nəticvəsində dünyasını dəyişib. Usdadın qızı
Çimnaz 3 uşaq anasıdır. 1990-cı il iyul ayının 10-da Bakıdan
Kəlbəcərə gedərkən qaniçən erməni erməni cəlladları tərəfindən
güllələnmiş, başından aldığı ağır yaradan keçinmişdir.
Dədə Şəmşrin 29 nəvəsi və 44 nəticəsi var.