ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


AŞIQ ŞƏMŞİR

QOŞMALAR

DAĞLARA

Heç baxmırsan Çiçəklidən bəri sən,
Gəl bax çəməngahlı bizim dağlara.
Dürlü sədəf kəsim zərli şe`rdən,
Rəssam olum qoy mən düzüm dağlara.

Məndə məharətə, zəfərə bir bax,
Binadan gərəkdi mayaq, təmtəraq,
Sürü otarmışam əlimdə çomaq,
Yayılmış qoyunum, quzum dağlara.

Sansız, saysız təcnis, təxnis varımdı,
Bu yollar əzəldən xubgüzarımdı,
Bir neçə kitabda yadigarımdı,
Şe`rdən düşübdü izim dağlara.

Füsunkardı bu bəndeyi-kəminə,
Şükür yaradanın öz kərəminə.
Pərvanə olmuşam aran zəminə,
Uşaqkən öyrənib üzüm dağlara,

Daşqın çaylar kimi axsam da əgər,
Savalan seyrinə çıxsam da əgər,
Məğribdən məşriqə baxsam da əgər,
Həsrət qalır yenə gözüm dağlara.

Dağlara aşiqəm, həm pasibanam,
Xınalı dağlarda qalır nişanam.
Atam Dəlidağdı, İstisu anam,
Nəvə olub oğlum, qızım dağlara.

Ağır elli, buz bulaqlı yaylaqlar,
Şəmşir öpüb zirvənizi qucaqlar,
O qədər yazmışam, dolub varaqlar,
Əfsundu söhbətim, sözüm dağlara.


BİLDİ

Yadında saxla ki, köçdüyü yurdun,
Qədrini çoxları düşəndə bildi.
Koxaların zəmisində sünbülü,
Baş-ayaq yığanlar kövşəndə bildi.

Küsmə, gileylənmə ana Vətəndən,
Torpaq qarğış elər, inciyər səndən.
Soruş, öyrən, eşidəndən, biləndən
Hər kəs dərdi burnu şişəndə bildi.

Suyu şərbət, süddən ağ bulaqları,
Şəlaləli axan bağ bulaqları.
Yadına düşəndə dağ bulaqları
Aranda dodağı bişəndə bildi,

Özündən mitildi müstər qadını,
Şəmşir necə çəksin onun adını.
Yandırdığı palıd, vələs odunu,
Qaratikan kolu eşəndə bildi.


GƏL

Əsgər oğlan, məktubunu oxudum,
Əsgərliyin sən borcunu bitir gəl
Tə`lim öyrən, bu yerlərə şad qayıt,
Qulluğunu başa çatdır, yetir gəl.

Həvəslə dur keşiyində Vətənin,
Zatı poladdandı Vətən güdənin.
Xatirin, hörmətin, tə`rifin sənin,
Qoy ucalsın, bu baratı götür gəl.

Fəhmi, fərasəti bilən, bacaran,
Tərbiyə düşünər söz qanan insan.
Cəsur tərpən, məharətlə ad qazan,
O tə`limi özün ilə gətir gəl.

Dərs al komandirdən kamil, mö`təbər,
Mətləbə çatarsan unutmasan gər.
Əməlin olacaq bir müşki-ənbər.
Qoxlanacaq nəfəsindən ətir gəl.

Sorursan halmı gözəldi bizim,
Ümidvar gözləyir yolunu gözüm.
Mənim igid oğlum, canım, əzizim,
Şəmşir baban muradına çatır, gəl.


BƏNÖVŞƏ

Bahar çatıb bəzəyirmi dağları,
Açılırmı sizin yerdə bənövşə.
Qımışırmı dodaqları nərgizin,
Təzə-tərmi güneylərdə bənövşə.

Aşıq Qurbanidən qalıb nişanə,
Torpaqdı bizə də, ona da ana.
Boynunu pərişan əyməsin yana,
Salmasın qəlbimi dərdə bənövşə.

Nədəndi lalanın bağrında qara,
Bu lətif çiçəyə kim vurub yara.
Qızılgül qəlbini yedirir xara,
Heyif ki, tez solur bir də bənövşə.

Ona can yetişir yaz nəfəsindən,
Oyanır yuxudan bülbül səsindən.
Cənnət çələnginin düşüb dəsindən
Tutmasın üzünə pərdə bənövşə.

Yarpağın zərifdi yaraşığın var,
Çəmənə, çiçəyə sarmaşığın var.
Qoca Şəmşir kimi bir aşığın var,
Söylər sözün düşən yerdə bənövşə.


AŞİQƏM

Məhəbbətə, sədaqətə, ilqara,
Bir çörəyə, bir də duza aşiqəm.
Bir qoca yarım var, min qıza dəyər,
Nə gəlinə, nə də qıza aşiqəm.

Mərdə lazım olsa keçərəm candan,
Tərbiyə almışam arif insandan.
Zəhləm gedir hiylə, fitnə, yalandan,
Açıq qəlbə, doğru sözə aşiqəm.

Can de eləsinə o qədir bilə,
Ürəyindən kini, kədəri silə.
Hər an kömək dura obaya, elə,
Məhəbbətlə baxan gözə aşiqəm.

Halal zəhmət aldım sənət bazarı,
Yol aldım haqq olan düz yola sarı.
Nəyimə lazımdı dünyanın varı,
Əyridən qaçqınam, düzə aşiqəm.

Mərddə səxa gördüm, igiddə hünər,
Mərdlər ölkəsini firavan istər.
Mə`rifət düşünər sahibi-dəftər,
Alimlər, ariflər, sizə aşiqəm.

Yan qaçıram naxələfdən, xatadan,
Baratımı pak almışam butadan.
Sənətimi öyrənmişəm atadan,
Şe`rdən saldığı izə aşiqəm.

Şəmşiri yetirib tale bu yaşa,
Könül həmdəmimlə gəzirəm qoşa,
Hansı bir dil el nəzəri danışa,
Əhli-dilə, nurlu üzə aşiqəm.


DƏYƏR

Tə`nəli çörəyin, minnətli donun,
Qiyməti çürümüş qəzilə dəyər.
Birdən yerə, əlif qəddi adamın,
Dərd çəkib bürəyi nəzilə, dəyər.

İnsan demə bikamala, bihuşa,
O yoldaşdı viranədə bayquşa.
Nanəcibi alan olmaz quruşa,
Adam var bir ətək qızıla dəyər.

Duyar bu məzmunu arif, əhli-dil
Mə`rifəti, məhəbbəti yaxşı bil.
Şəmşirə hicrandı biləzzət yüz il,
Dərd çəkib ürəyi nəzilə, dəyər.


GÖZLƏRİN

Gör necə oxşardı yuxusuzlara,
Sənin bu süzülüb yaxan gözlərin.
Gah bihuş eyləsin az qaldı məni,
İldırım sür`ətli çaxan gözlərin.

Gələn çoxdu bu vəsfinin səsinə,
Gözəllərlə nə edirsən bəsi, nə?
Yüz aşiq öldürür bir gülləsinə,
Hərdən xumarlanıb baxan gözlərin.

Qatıbsan ləbinə şəkəri, qəndi,
Kimlər öyrətmişdi sənə bu fəndi.
Dağıtdı, taladı obanı, kəndi,
Dağıdıb evini yıxan gözlərin.

Vurub yerə sərdin gəldiyim yerdə,
Şəmşiri ağlatdın güldüyüm yerdə,
Sinəmə ox vurdun öldüyüm yerdə,
Məni nökər etdi o xan gözlərin.


ŞAİRİN
(S.Vurğuna)

Yenə nəğmə kitabını oxudum,
Heyran oldum hər işinə şairin.
Tərlan kimi qanad çalır havada.
Çatan varmı yerişinə şairin.

Sənə halal olsun bu qabil sənət,
Bu ağıl, bu kamal fəhmi-fərasət,
Arif də, alim də verəcək qiymət,
Yerişinə-duruşuna şairin.

Gəlişinə bizim ellər sevindi,
Yoluna şam tutan əllər sevindi,
Çəmənlər bəzənib güllər sevindi,
Şəmşir ilə görüşünə şairin.


DEMİŞLƏR

İbadətdi, ziyarətdi görüşmək,
Yoxsulluq, ayrılıq nəsdi demişlər,
Can sağlığı ömür üçün bahardı,
Qocalıq, xəstəlik pisdi demişlər.

Bəxtin kəsə, sözün daşa işləyə,
Hamı səndən can istəyə, can deyə.
Bundan sonra varı axtarım niyə,
Tamahsız insana bəsdi demişlər.

Dünya malı bu dünyada qalandı,
Çoxlarının taxtı-tacı talandı.
Doğruluqdan qeyri nə var yalandı,
Məhəbbət vəfalı dostdu demişlər.

Yolum düşə görəm əhli-dilləri.
Ziyarət eyləyəm gözəl elləri.
Elə bil üzümə səba yelləri
Cənnəti-behiştdən əsdi demişlər.

Gəl Şəmşirin taleyinə bax indi,
Mahirimin meyli mənə yaxındı.
Səhər tezdən bir məktubun oxundu,
Ağrım-acım tamam kəsdi demişlər.


DESƏM OLMAZ

Alağa qərənfil, yovşana reyhan
Tikanlı qanqala gül desəm, olmaz,
Dəmirə saf qızıl, söyüdə sandal,
Tapılan hər daşa lə`l desəm, olmaz.

Arı şirə çəkir yazda çiçəkdən,
Nə çıxar boş yerə yalan deməkdən?
Bir fayda axtarma məkəs-milçəkdən,
Şanında tapılar bal desəm, olmaz.

Namərdin varı var, ürəyi yoxdu,
Bir insan oğluna gərəyi yoxdur.
Səxası, süfrəsi, çörəyi yoxdu,
Yoxsula verəcək pul desəm, olmaz.

İgid yeri düşən yerdə yaxşıdı,
Yaxşıya yaxşılar bir də yaxşıdı,
Mərd olan xeyirdə, şərdə yaxşıdı,
Bivəfa arxaya gəl desəm olmaz.

Şəmşir, de sözlərin, saxlama ləngə,
Əsli aslan olan layiqdi cəngə,
Pişik tab gətirməz şirə, pələngə,
Dovşana hünərdə fil desəm, olmaz.


YARAŞMAZ

Namərdə yalvarmaq insafdan deyil,
Düşmənə yaltaqlıq mərdə yaraşmaz.
Öyünüb desə də min yol nakişi:
Mənəm qəhrəman da nər də, yaraşmaz

Hər kəs qeyrətini düşünsün əzəl,
Gül olmaz söyüddən, tökülən xəzəl,
Abır həya, hörmət bilməyən gözəl,
Çəksə də üzünə pərdə yaraşmaz.

Qatil də özünə deməz cəlladam,
Onun işdəyinə düşmənəm, yadam,
Xalqın əhvalına yanmayan adam
Desə də şərikəm dərdə, yaraşmaz.

Həmişə kəmhünər, sellənər, daşar,
Döyüşə girməmiş qaynayar coşar,
Yerdə iş bacarmaz, göydən danışar,
Ona gəzmək heç düz yerdə yaraşmaz,

Şəmşir məqsədinə çata yaxşıdı,
Gövhəri sərrafa sata yaxşıdı.
Yaxşı oğul, yaxşı ata yaxşıdı,
Beyvecsə, xeyirdə, şərdə yaraşmaz,

DEMƏK OLMAZ

Qəza qədərlənib üz verəndə dərd
Kəməndə düşənə qaç demək olmaz.
Nakəs kölgəsinə sığınanda mərd,
Keçir ili, ayı xoş, - demək olmaz.

İblisin dostluğu qəmdi, qəhərdi,
Qurdla aşnalıq da çox bitəhərdi.
Namərd plovunu, yemə, zəhərdi,
Ağıdı ləzzəti, aş demək olmaz.

Ayaq basma, şeytan-iblis izinə,
Lə`nət bicin əyrisinə, düzünə,
Hər kim baxsa satqın arvad sözünə,
Samandı kəlləsi, baş demək olmaz.

Çətindi biiman anda inana,
Nə dillə deyim ki, anlaya, qana?
Nanəcibə, biilqara, nadana,
E`tibar eyləyib, iş demək olmaz,

Şəmşir deyər xayın ürək gəzilməz,
Xoryat sözü cana oxdu, dözülməz.
Tərlan yuvasından sümük üzülməz,
İgid tüfənginə boş demək olmaz,


GÖRMÜŞƏM

Oğul, indi ədalət var, divan var,
Mən də xeyli dövranları görmüşəm.
Dövlət qeydə qalır, gəzir, axtarır,
Azad olan insanları görmüşəm.

Başa döyüb, ellərə qan içirdən,
Obaları talan edib köçürdən,
Əlinə lom alıb evlər uçurdan,
Qaçanları, qovanları, görmüşəm.

Qaranlıq gecələr tez səhər oldu,
Zülmükarın balı qəm, zəhər oldu,
Quldurun axırı bu təhər oldu,
Xərabəni, viranları görmüşəm.

Nainsaf, kərəmsiz, mürvətsiz ağa,
Pis adamın adı düşdü uzağa,
Əyildi, büküldü, çökdü ayağa,
Xalqa kötək vuranları görmüşəm.

Qoyun üçün varmı insafı kürkün,
Qırar vətənindən salar didərgin,
Tamam yırtıcılar oldular sürgün,
Şəmşirəm, o zamanları görmüşəm.


DƏYMƏZ

İkiüzlü, yaltaq olan kişilər
İsmətini satan qadına dəyməz.
Adam var ki, səsi tutub hər yanı,
Axtarsan şöhrəti adına dəyməz.

Xainin, xəbisin çəkilməz dərdi,
Onlar ki ölümdən daha betərdi.
Yemə, namərdlərin aşı zəhərdi,
Tamı turş ayranın dadına dəyməz.

Yaxşılığı kütün götürməz başı,
Öləndə dünyadan gedəcək naşı,
Satqının yağ-balı, ləzzətli aşı
Mərd iyidin yavan cadına dəyməz.

Şəmşir dostluq dedi, bir də həqiqət,
Xəbisə, xainə, iblisə lə`nət!
Sənə bihəyanın etdiyi hörmət
Meşədə çürümüş oduna dəyməz!


AZ DANIŞ

Əhli-hal yanında az danış, az gül,
Bir kəlmən dəryadan olmasa dərin.
İgidlər içində ər kimi dolan,
Namus tacın olsun, olmasa da ərin.

Düz dolan, ucalsın öz başın, a yar,
Qanmırsa vur daşı öz başına, yar,
Avara dolanma özbaşına, yar,
Başsız axan sular olmaz ha dərin.

Gör nələr yaranmış bu dağda bir bax.
O dərə bir bağdır, bu dağ da bir bağ.
Şəmşirəm, salmışam bu dağda bir bağ,
Dəymişi qismətim olmasa, dərin.


DURA BİLMƏZ

Sirr açma namərdə, söz demə pisə,
Namərdin qəlbində söz dura bilməz.
Yoldaş olma alçaq olan nakəsə,
Danışar ilqardan, tez dura bilməz.

Mərd ilə ülfət qıl, zəhmətə qatlan,
Salamat baş saxla hər ehtiyatdan.
Bədəni hifz elə, pisdən, bədzatdan,
Haram doğru yolda düz dura bilməz.

Çağırma zalımı, yetişməz dada,
Şəmşir çox imtahan edib dünyada,
Karsız qohum yaman gündə arxada,
Sən çox arzulama, az dura bilməz.


YADIMA DÜŞDÜ

Səhər açılanda uca dağlara,
Gün düşəndə anam yadıma düşdü.
Qulağıma həzin bir layla səsi
Yetişəndə, anam yadıma düşdü.

Səhmimdə canlandı anamın ünü,
Duman kimi aldı yollar üstünü,
Bacı-qardaşıyla görüşən günü,
Sevinəndə anam yadıma düşdü.

Analar oğlunu sevər, qucaqlar,
Gəlir xəyalıma həmin bu çağlar,
Döyüşüb, deyişir dəcəl uşaqlar,
Dilləşəndə anam yadıma düşdü.

Gözlərim görəndə çəməni, gülü,
Anıram yaylaqda şehli sünbülü.
Yazın qaranquşu, bir də bülbülü,
Ötüşəndə anam yadıma düşdü.

Bala çağıranda meşədə əlik,
Qoca Şəmşir dinlər əlində çəlik,
Qoşulub qartala qayada kəklik,
Səsləşəndə anam yadıma düşdü.


KİMİ

Namərd sənin qulluğunda qul olar,
Öz işi düzəlib bitənə kimi.
İrişə-irişə üzünə gülər,
Əli bir tərəfə çatana kimi.

Dostunu tanımaz nadan, sərsəri,
Bu elin sözüdür nə vaxtdan bəri.
Qoy sellər aparsın nanəcibləri,
Bax, dalınca gözdən itənə kimi.

Xoryanın ox sözü qəlbimə dəydi,
Büküb qamətimi, qəddimi əydi.
Bildirçin də bir ay payızda bəydi,
Darı sünbülünə yetənə kimi.

Şəmşir, gərək mərd ocağın qalansın
Hər kəs çəkər öz dilinin bəlasın.
Qoy səni şir yesin, şir parçalasın,
Tülkü kölgəsində yatana kimi,


CEYRAN

Aman ovçu, düzdə qurma tələni,
Heyifdi, düşməsin uzağa ceyran.
Gəl atma gülləni qana bələnsin,
Düşər balasından uzağa ceyran.

İnsan oğlu, vurma bu qələm qaşı
Onun da yoxdurmu yarı, yoldaşı?
Axar, selə dönər gözünün yaşı,
Hər dönüb baxanda yarağa ceyran.

Bu gözəl pəriyə gətirmə zaval,
Gözəldir, əzizlə, qayğısına qal,
Bəsdi, insaf elə, az nişana al,
Susuyub gələndə bulağa ceyran.

Diksinir, səksənir, qansız insandan,
Rəhm elə, əl götür o zərif candan.
Ağlaya-ağlaya gedir Muğandan,
Vurğunu gəzməyə Qazağa ceyran.

Şairin xatiri Şəmşirdə barat,
Turacı ellərə verib amanat.
Daha təbiətə olmaz xəyanət,
Bənzəməsin qərib qonağa ceyran.


QARA GÖZLƏRİN

Yanağın göyçəkdir güldən, lalədən,
Sənin nə gözəldi qara gözlərin.
Məni hifz eləsin, mürvətə gəlsin,
Vurmasın sinəmə yara, gözlərin.

Eşqin xəstəsiyəm, çəkirəm cəfa,
Rəhm elə, a zalım, gəl bir insafa,
Səndən ola bəlkə mənə bir şəfa,
Eləyə dərdimə çarə, gözlərin.

Dağların kəkliyi, alagöz Nigar,
Şəmşir bu vəsfini yorulmaz, yazar.
Qocalmış aşığam, görmə günahkar,
Qoyma, çəkir məni dara gözlərin...

A ZALIM GÖZƏL

Niyə üzün döndü, yad oldun mənə,
Mən sənə neylədim, a zalım gözəl.
Düşkün oldum sənin dərdi-qəmindən,
Qoymadın dərdini az alım, gözəl.

Namərd kösövüsən, əl yandırırsan,
Aşıqlar ağzında dil yandırırsan,
Şahid olsun oba, el, yandırırsan,
Duracaq üzünə mahalım, gözəl.

Daş yanır, atəşə, torpaq da yanır,
Piltə külə dönür, çıraq da yanır,
Çəkirsən, sümüyə bıçaq, dayanır,
Sənə xoş gəlirmi bu halım, gözəl.

Lə`lidin, bu bağda qalmadın, getdin,
Unutdun, yadına salmadın, getdin.
Məni hicr əlindən almadın, getdin,
Gəl sənin qadanı mən alım, gözəl.

Sən yazıq Şəmşirin qəsdinə durdun,
Üzdün bu canımı, dərd ilə yordun,
Günahsız məhbusa, məhkəmə qurdun,
Tükənmədi sorğu-sualın, gözəl.



 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az