Cavid Qurbanov: “Əgər o zaman görkəmli dövlət xadimi Heydər Əliyev ölkə rəhbərliyində olsaydı, nə Kəlbəcər, nə də Ağdaban işğal edilərdi”
Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban soyqırımının 20 ilinin tamam olması ilə bağlı anım mərasimi keçirilib.
Qeyd edək ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, insanlara işgəncələr verilib, 33 sakin qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarəti yetirilib. Ermənilər şair Ağdabanlı Qurbanın və Aşıq Şəmşirin əlyazmalarını dağıdıb talan ediblər.
Çıxış edən əslən Ağdabandan olan millət vəkili Cavid Qurbanov bildirib ki, Ağdaban soyqırımı ilə bağlı bu günədək cinayət işi açılmayıb. C.Qurbanov deyib ki, əgər o zaman görkəmli dövlət xadimi Heydər Əliyev ölkə rəhbərliyində olsaydı, nə Kəlbəcər, nə də Ağdaban işğal edilərdi.
”Kəlbəcəri almaq qeyri-mumkun idi... Hesab etmirəm ki, Kəlbəcəri erməni alıb, biz sadəcə Kəlbəcəri vermişik, başsızların səhvi ucbatından. Başsız adamlar başda olanda həmişə belə faciələr olur. Yadımdadır, Agdaban kəndində yerli əhali özü ov tufəngiylə kəndi qorumaga çalışırdı. Görün nə qədər unutqan xalqıq ki, bir kənd tamamilə yanıb, əhalisi məhv edilib, amma bu haqda heç bir cinayət işi açılmayıb”.
İştirakçılar millət vəkili Fəzail Ağamalının ssenari müəllifi olduğu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin hazırladığı Ağdaban faciəsindən bəhs edən “Ağdaban faciəsi: sındırılmış sazın fəryadı” bədii-sənədli filmə baxıblar. Filimdə faciə qurbanlarının – canlı şahidlərin söhbətinə xüsusi yer verilib.
Nümayiş zamanı kədərli anlar yaşanıb. Sonda digər millət vəkilləri də film haqqında fikirlərini bildirərək, onu yüksək qiymətləndiriblər.
Tədbirdə deputatlar-Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Jalə Əliyeva, Elmira Axundova, Flora Qasımova, İlham Məmmədov, İmamverdi İsmayılov, Musa Qasımlı, Rövşən Rzayev, Zahid Oruc, Aqil Abbas, Elton Məmmədov və başqaları iştirak ediblər.
|