ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


Dədə Şəmşirin səsi gəlir və yaxud Cavid Qurbanov yaradıcılığına haqqında


Aşıq sənəti –xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Aşıq-ozan mədəniyyəti çoxəsirlik tarixə, qədim köklərə malik sinkretik sənət növü olmaqla günümüzəcən gəlmiş, yaşamış və yaşamaqdadır.  Qopuzdan saza, yanşaqdan aşığa qədərki tarixi təkmilləşmə prosesində yeni sənət meyarları meydana çıxmış, elin ciddi sınaq və imtahanlarından keçən el sənətkarları “dədə”, “ustad” və s kimi şərafətli adların daşıyıcılarına çevrilmişlər.

Səməd Vurğunun «kəşfi»

Dədə-Qorquddan Dədə Şəmşirə kimi saz-söz sənətkarlarının böyük bir silsiləsi Azərbaycan ədəbi-mədəni mühitinin formalaşmasına, anadilli poeziyamızın və ana ruhlu musiqimizin inkişafına öz əvəzsiz töhfələrini vermişlər. Bu sıradan Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dəllək Murad, Çoban Əfqan, Yəhyabəy Dilqəm, Aşıq Pəri, Aşıq Alı, Aşıq Ələsgər, Növrəc İman, Agdabanli Qurban və Aşıq Şəmşır kimi klassık sənətkarlarımızın poetik irsi şifahi qaynaqlarımızdan süzülən milli-mənəvi dəyərlərimiz, solmaz söz incilərimizdir. Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Söz –sənət tariximizdə Ağdabanlı Qurban adı ilə qalan bu ustad aşıq və tanınmış el şairi aşıq Ələsgərin müasiri olmuş, onların yaxın ünsiyyıtindən, dostluq əlaqələrindən bir sıra deyişmələri yadigar qalmışdır.Aşıq Ələsgər və Ağdabanlı Qurban dövründə Kəlbəcər-Göyçə ədəbi mühitinin eyni ənənələr üzərində formalaşması, saz və söz sənətinin coğrafi hüdudsuzluğu ərazi etibarı ilə yaxın olan bu qonşu ellərin mənən də yaxın olmasına təbii şərait yaratmışdır. Belə bir mühitdə daxili dünyasını tapan Dədə Şəmşir verilmiş ilahi vəhyini bu ustadların və uluların təsiri ilə cilalanmış, çox keçmədən el yığıncaqlarında müstəqil məclislər aparan istedadlı saz şairinə çevrilmiş və dədəlik mərtəbəsinə qədər ucalmışdır.Əslində, Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşir aşıq-ozan sənətinin yeni havalar və havacatlar,qoşqular və düzgülər üzərində inkişafına məxsusi töhfələrini verərkən ədəbi-hüquqi varislik haqqını itirməmişdir.Kəlbəcər-Göyçə, Qarabağ-Gəncəbasar ellərində yaxşı tanınan Aşıq Şəmşiri bütün Azərbaycana daha yaxın tanıdan isə ölməz xalq şairimiz Səməd Vurğun olmuşdur. Səməd Vurğunun «kəşfi» adlandırılan Aşıq Şəmşir dağlar qoynunda doğulub, boya-başa çatmış, atası Aşıq Qurban onun yaxın dostu, böyük ustad Aşıq Ələsgərin həyat məktəbini keçmişdir. Uşaqlıq illərindən sazla, sözlə böyüyən Aşıq Şəmşir ilk xeyir-duasını da Aşıq Ələsgərdən almışdır. Ilk dəfə olaraq, məhz Aşıq Ələsgər Şəmşirin səsi olduğunu, getdikcə açılacağını, qocalanda da yaxşı oxuyacağını uzaqgörənliklə qabaqcadan xəbər vermişdir. Öz şerlərində Aşıq Ələsgəri «pak ustad», «sənətinin qibləgahı, idrakının mehri, mahı» adlandıran Aşıq Şəmşir bütün ömrü boyu böyük sənətkarın tövsiyyələrini yerinə yetirmiş, ənənələrinə sadiq qalmışdır.

Aşıq Şəmşir məktəbi

Hər bir ustad aşıq kimi Aşıq Şəmşir də çoxlu sayda – 39 şagird yetişdirmişdir. O, öz şagirdlərinə övladları kimi baxaraq, öz evində saxlamış, onlara təmənnasız müəllimlik etmiş, sənətlə yanaşı öz sevgisini də bəxş etmişdir, bu böyük sənəti başqa millətlərə də öyrətməyindən fəxr duyduğunu söyləmişdir. O, öz ana dilinin vurğunu olmuş, Vətənə, doğma dilə məhəbbət hissi, milli qürurla, «Füzuli dili gərək dünya dili olaydı. Dili saydıran, sevdirən dilin sahibidir»7 demişdir. O, başqa millətdən olan, «bu dildə qüdrətli söz abidələri yaradacaq qədər kamilliklə, incəliklə8 öyrənən» şagirdlərinə öz doğma dilini sevdirə bilmişdi. Aşıq Şəmşir mahnılar da qoşmuşdur. Onun «Şəmşiri» və «Səmədi» adlı iki mahnısı məlumdur. Aşıq həm də «Şəmşir və Sənubər» dastanınn yaradıcısıdır.

Aşıq Şəmşir mirası Cavid Qurbanov

Bu yazını yazmaqda mənə stimul verən ən başlıca səbəb Cavid Qurbanovun “Dünya qəmli nağıl imiş” adlı şeirlər kitabı oldu. Belə ki, kitabda toplanan şeirlər öz məzmunu, axıcılığı ilə diqqətimi çəkdi. İlk baxışdan Dədə Şəmşir üslubunu xatırladan şeirlərin böyük əksəriyyət sevgiyə, məhəbbətə, olardan doğan iztirablara həsr olunub. Cavid bəyin həsrətlə dolu sevgi şeirlərini oxuduqca tüklərim biz-bi olurdu. Bəzən elə olurdu ki, bu şeirləri yaşayırdım. Sanki həqiqətmiş kimi

Etibarı yox imiş, nə payızın, nə qışın,
Bir düzəni yoxmudur, bu amansız yoxuşun?!
Yorulmuşam, taqətim, gücüm tükənir daha,
Bu uzun gecələri necə açım sabaha?!

Şeirlərin demək olar ki, böyük əksəriyyətində xoşbəxt həyat yolu təsvir olunub. Elə bir həyat ki, orada yalnız və yalnız sevgidən danışılır, elə bir diyar ki, orada yalnız sevgidən qidalanırlar. Lakin bu diyarın da üzərinə qara buludlar çökür. Sevgi həsrətə, ümid naümidə çevrilir.

Dəyişib fəsillər yerin elə bil,
Yetişmir bağların barı sevgilim.
Sənsiz xəyalımı duman alıbdır,
Ərimir dağların qarı, sevgilim.

Bu dünya gözümdə qış olub getdi,
Sevincim sənin tək quş olub getdi,
Sanki ulduzlara qoşulub getdi,
Ömrümün sən adlı varı, sevgilim.

Şairin qoşma, gəraylı, təcnislərinə daha tez tez rast gəlinir. Lakin qəzəl üslubunda yazılmış şeirlər sevgiyə, məhəbbətə yanaşmada tam fərqli bir prizma nümayiş etdirir.

Dərdimi, ey küləklər, siz bircə o yarə dedyin,
Eşqimin pünhanlığın nəbadə əğyarə deyin.

Cavidin bu könlünü almağa, ya oxşamağa,
Bir səhər, bir axşam o dilbər mehparə deyin.

Cavid Qurbanov poeziyası təbiidir, safdır və həyatımızın, dilimizin dərin qatlarından süzülüb gəlir. Şairin əsərlərində tək-tək kənaraçıxmalara baxmayaraq, müəyyən bir bütövlük, daxili tamlıq vardır. Hərçənd bu cəhətlər onun fəlsəfi dünyagörüşündən bəhs etmək üçün hələ yetərli deyil, lakin yetərli olan bədii yaradıcılığın özü, yüksək şeiriyyət və milli köklərə bağlılıqdır. Şeirlərində vətən həsrətini usdalıqla qələmə alan şair bəzən doğma təbiətin gözəlliklərini tablosunda canlandırmağı unutmur

Həsrətinlə saralıram, a dağlar,
O dağlara heç oxşamır bu dağlar.
Barlı könlüm həsrət yaman bu dağlar,
Bu yerlərdə sən həsrətli qəribəm,
Necə silim könlümdəki qəmi mən?!

İnsan özü üçün dünya seçmir, onu planlı surətdə qurmur, hətta təxəyyülündə belə öz dünyasının konturlarını müəyyən etmir. Hərə öz dünyasını öz zövqünə, öz dərrakəsinə, öz boyuna-buxununa görə seçsəydi, onda hamının xoşbəxt olmaq şansı çoxalardı. Amma əksər hallarda biz dünyanı seçmirik, dünya bizi seçir. Biz bu dünyaya istədiyimiz zamanda, istədiyimiz məkanda gəlmirik, gözümüz açılanda artıq bu dünya ilə üz-üzə, iç-içə dayanmış olduğumuzu görürük. Biz öz zəmanəmizi, öz mühitimizi öncədən seçə bilmərik, amma onları imkan daxilində dəyişdirmək və bu böyük dünya içərisində məhz öz dünyamızı sanki yenidən yaratmaq imkanından da məhrum deyilik. Şair məhz belə bir dünyadan, özününküləşdirilmiş, doğmalaşdırılmış dünyadan bəhs edir. Əlbəttə, hamının öz dünyası, özəl dünyası olmur. Amma yaradıcı adam doğmanı ögeydən, canlını cansızdan seçməsə, öz dünyasını öz yaradıcı təxəyyülünün gücü ilə qurmasa, yazıb-yarada bilməz. Lakin bu dünyanı birdəfəlik vəcdlə həmişəlik yaratmaq da mümkün deyil. Yaradıcılıq məqamında İlahi ruhun, kosmik zəkanın enerjisi ilə canlandırılmış dünya ancaq həmin məqam üçün canlıdır. Başqa bir şəraitdə, başqa bir məqamda şair özü üçün artıq başqa bir dünya yaratmış olur. Yaxud tərsinə: yeni məqam, yeni dünya şairdə artıq başqa bir ovqat və sanki başqa bir ruh yaradır

“Biri varmış, biri yoxmuş”,
Dünya qəmli nağıl imiş.
Özü yanlış, sözü yalnış,
Dünya qəmli nağıl imiş.

Əzabından usanmazdım,
Ocağına qalanmazdım,
Deyərdilər, inanmazdım,
Dünya qəmli nağıl imiş

Səbuhi Abbasov
www.sabuhi-abbasov.com
abbasov_sebuhi@yahoo.com

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az