ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


Kəlbəcər səriştəsiz rəhbərlərin, xalqın taleyinə


Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər isə 1993-cü il martın sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən bütünlüklə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdir. Amma Kəlbəcər bir ada kimi qalmışdır. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, ikinci tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi və Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt edilmiş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxartmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, bunu o vaxt etməyiblər. ...Xəyanət, satqınlıq, ayrı-ayrı məqsədlər olubdur.
Heydər ƏLİYEV
Ümummilli lider

Kəlbəcərin işğalından 13 il keçir. Hələ də cavabsız suallar saysız-hesabsızdır. Həmin günlər barədə hadisələrin canlı şahidləri də, eşidənlər də, fərziyyə yürüdənlər də danışır. Bəlkə də, ona görədir ki, biz işğalın səbəblərini hələ də tam aydınlaşdıra bilmirik.
Ermənistan silahlı birləşmələri Kəlbəcəri işğal etmək üçün ciddi hazırlıqdan sonra hücuma keçmişdilər. Dəqiq hazırlanmış hücum planı ilə hərəkət edirdilər. Bu, faktdır. Ancaq o da faktdır ki, dəfələrlə, konkret olaraq Kəlbəcərdə nəinki ordu hissələrimiz, özünümüdafiə dəstələrimiz özlərindən qat-qat üstün qüvvəyə malik erməni hücumlarının qarşısını alıb, geri oturdublar. Bəs, sonda niyə belə oldu? Kəlbəcərin işğalında kim təqsirkardır?
Kəlbəcər qüdrətdən qalalı bir məkandır. Təbii səngərlər, quşqonmaz laçın qayalar, zirvəsinə boylananda papağı başdan salan dağlar... niyə birdən-birə işğal olundu? Niyə özünümüdafiə dəstələrinin qoruduğu bu yurdu ordu qoruya bilmədi? Əzəmətindən adamın bağrını yaran dağlar, 1936 kvadratkilometrlik bir ərazi necə oldu ki, bir neçə günün içində yağı əlinə keçdi?.. Gəlin, o günlərə qayıdaq- Kəlbəcərin işğal günlərinə.
Kəlbəcər siyasi oyunlar müstəvisində
Şuşa və Laçının müəmmalı işğalından sonra hərbi işdən və siyasətdən baş çıxarmayanlar da aydın dərk edirdilər ki, Kəlbəcər üçün ciddi təhlükə yetişib. Bununla bağlı yerli camaatın da, döyüş bölgəsində olan hərbçilərin də Prezident Aparatına, Müdafiə Nazirliyinə saysız-hesabsız müraciətləri olurdu. Lakin onlar əhəmiyyətsiz bir şey kimi qulaqardına vurulurdu. Mərhum general-leytenant Valeh Bərşadlının «ermənilərin bütün oyunları »Laçın dəhlizi"nin üstündədir. Bu ərazi etibarlı müdafiə olunmalıdır" xəbərdarlıqlarını həm Prezident Aparatında, həm də Müdafiə Nazirliyində qeyri-ciddi, hərbi işdən xəbərsiz bir adamın fikri kimi qarşılayırdılar. Halbuki V.Bərşadlı bir general idi. O vaxtlar azərbaycanlının asanlıqla bu mərtəbəyə ucalmasına imkan vermirdilər. Bəlalarımızın bir qismi bundaydı. General Nurəddin Sadıqovun dediyi kimi, o vaxtlar «kooperativ generallar» üzdə idilər, onların sözləri keçirdi. Mərhum akademikimiz Ziya Bünyadov isə bu binəvalar üçün belə deyirdi: AXC-də generallar yoxdur, yalnız serjantlardır.
Bəli, serjant (çavuş) səviyyəsində olan komandirlər özlərini peşəkar hərbçi, çoxbilmiş, bacarıqlı sərkərdələr sayırdılar, hətta Şuşa, Laçın, Kəlbcər kimi təbii qalaları uduzandan sonra da dil boğaza qoymur, özlərini qəhrəman kimi aparırdılar.
...Laçının işğalından sonra Kəlbəcərdə yerləşən hərbi qüvvələrimizin qarşısında duran vəzifələrdən biri «Laçın dəhlizi»ni azad etmək idi. Odur ki, briqada komandiri Zadir Rzayevin rəhbərliyi ilə buradakı hərbi hissələrimizin bir hissəsi həmin istiqamətdə hərəkət edirdi. Onlar artıq Laçının həndəvərinə gəlib çıxmışdılar, 5-6 kilometrlik məsafədəydilər. Onlara yerli əhali, xüsusən, Kəlbəcər istiqamətində yerləşən kəndləri tərk etməyən laçınlılar, özünümüdafiə dəstələri kömək edirdilər. Həmin günlərin canlı şahidi olanlar deyirdilər ki, hücumlarımız çox uğurlu alınırdı. Ermənilərin hücumları qətiyyətlə dəf olunur, onlar güclü itki ilə geri çəkilirdilər.
Briqada komandiri aramsız olaraq Bakıya müraciət edirdi ki, onlara əlavə qüvvə göndərsinlər. «Dəhliz» azad olunandan sonra bir çox strateji əhəmiyyətli məntəqələr etibarlı müdafiə olunmalı, eyni zamanda Şuşa istiqamətində hücumlar genişləndirilməli idi. Ancaq Bakıda onun «çox uzağa getdiyini» müzakirə edirdilər, hücum planını uğurlu təşkil etməsini yox.
Bakının «laqeydliyinə» baxmayaraq, Laçına son hücum planı hazırlanırdı. Güclü hücumla «dəhliz»in azad ediləcəyinə briqadada hamı inanırdı. Və elə bu vaxt Zadir Rzayev təcili Bakıya - Müdafiə Nazirliyinə çağırıldı və «sərəncama» göndərildi. Onun Ə.Elçibəylə də görüşə can atması heç bir nəticə vermədi. Çünki bu məsələ əvvəlcədən onunla razılaşdırılmışdı. Bununla da uğurlu əks-hücum planları pozuldu.
Bir xatırlama: Azərbaycanın Milli Qəhrəmanı, təcrübəli hərbçi Əliyar Əliyevin «Laçın dəhlizi»ni azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı çox uğurlu nəticələr verirdi. Bu məntəqənin azad edilməsi artıq reallaşmışdı. Əsgərlərimiz dəhlizə daxil olurdu, ermənilər qaçırdılır. Bu zaman Əliyar Əliyev müəmmalı şəkildə şəhid oldu və hücum planı pozuldu... «Laçın dəhlizi»nin azad olunmasını əngəlləmək baxımından bu hadisə təsadüf ola bilməzdi.
Hələ bundan əvvəl Xaçın çayı boyunca və Kəlbcərdən Xankəndi istiqamətində hərəkət edən hərbi hissələrimiz Vəng ətrafında birləşəndə ermənilər təşviş içində qaçırdılar, müharibənin taleyi həll edilirdi. Ermənistan Dağlıq Qarabağda vilayət statusunun qalması şərti ilə sülh bağlamağı xahiş edirdi. Ancaq Bakı çox müəmmalı addım atdı. Qoşunlarımızı dərhal əvvəlki mövqelərinə qaytardı. Bundan sonra da ermənilərin bütün cəbhə boyu hücumları başlandı. Əliyar Əliyev şəhid olandan sonra da belə oldu. İndi Kəlbəcər istiqamətindən hərəkət edən qoşunlarımız «Laçın dəhlizi»ni azad etdiyi məqamda əməliyyata birbaşa rəhbərlik edən komandirin Bakıya çağırılıb, ona «sərəncamdasan, get gözlə»- deyilməsi də eyni siyasi oyunların tərkib hissəsi idi.
Bundan sonra Kəlbəcərə polkovnik Əzizağa Qənizadə göndərildi - 1992-ci il noyabrın 6-da. Ancaq o nəinki hücumu, heç müdafiəni də təşkil edə bilmədi. Niyə? Çünki ermənilərin həm Laçından, həm Ermənistan ərazilərindən, həm də Ağdərə istiqamətlərindən bütün cəbhə boyu hücumlarının qarşısını almaq üçün bu ərazidə yerləşən nə əsgərlərimiz, nə də hərbi texnikamız kifayət idi.
Bu haqda bir az sonra. Gəlin, həmin günlərdəki ab-havanı nəzərdən keçirək. Heç olmasa, siyasi oyunların az-çox görünən konturlarına diqqət yetirək. Üstəlik, onu da nəzərdən qaçırmayaq ki, 1-ci motoatıcı briqada Kəlbəcəri müdafiə etmirdi, o, «Laçın dəhlizi»ni azad etmək üçün Laçında yerləşdirilmişdi.
Kəlbəcərin ağır günlərində 1-ci motoatıcı briqada Laçın rayonunun şimal-qərb istiqamətində yerləşdirilmişdi. Onlar Qubadlıdan hərəkət edən hərbi hissələrimizlə «Laçın dəhlizi»ndə birləşməli, Dağlıq Qarabağın Ermənistanla əlaqələrini kəsməliydilər. Ancaq bu günlərdə Kəlbəcərdə vəziyyət çox təhlükəliydi, rayonun işğalı hər gün reallaşa bilərdi. Çünki Ağdərə istiqamətindən də, Ermənistan tərəfdən də müdafiəmiz çox zəif idi.
Vəziyyəti təhlil edən Ə.Qənizadə təkidlə Müdafiə Nazirliyinə müraciətlər edir ki, etibarlı müdafiə və uğurlu hücum üçün ikinci bir motoatıcı briqadaya ehtiyac var. Bu briqada Kəlbəcərin müdafiəsini təşkil edəcək, 1-ci briqada isə hücumlarını davam etdirəcək. Belə olmasa, Kəlbəcərin işğalı labüddür və nəticədə mülki əhali də, 1-ci briqada da tam mühasirədə qalacaq.
Təəssüf ki, bu müraciətlərə əhəmiyyət verən yox idi. Ağdərənin tam işğalı Kəlbəcərin mühasirəsini gündən-günə daraldırdı. Odur ki, 1993-cü il fevralın 11-də və 12-də Ə.Qənizadə yenidən Müdafiə Nazirliyinə, ölkə rəhbərinə rəsmi müraciət etdi, haray saldı, vəziyyətin qorxulu həddə çatdığını bildirdi. Yenə müraciətlər cavabsız qaldı. Nəhayət, Ə.Qənizadə fevralın 26-da Bakıya gəldi, müdafiə nazirinin qəbulunda oldu. Kəlbəcərin müdafiə planını müzakirə etdilər. Təcrübəli hərbçilər bu planı bəyəndilər, əlavə tədbirlər müəyyənləşdirdilər. Ancaq sonra Müdafiə Nazirliyi müdafiə və hücum planını bir kənara atdı. Qərarı da bu oldu ki, «ermənilər Kəlbəcərə hücuma keçməyəcək. Odur ki, oraya əlavə qüvvə lazım deyil». Qəribədir ki, bu səhv, məntiqsiz fikri o vaxt ölkə rəhbəri Əbülfəz Elçibəyə də təlqin etmişdilər. Söz düşən kimi deyirdi ki, «Kəlbəcərdən narahat olmayın, ermənilər ora hücum etməyəcək. Beynəlxalq qalmaqaldan və sanksiyalardan çəkinən Ermənistan heç vaxt Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Kəlbcərə qoşun yeritməyə cəsarət etməz». Uzaq tarix deyil, Kəlbəcər işğal olunandan sonra Ə.Elçibəy çox sakit şəkildə bəyan edirdi ki, indi dünya Ermənistanı işğalçı dövlət kimi tanıyacaq, bu, bizim xeyrimizədir.
Daha bir məqama diqqət yetirək: O vaxt Müdafiə Nazirliyi Baş Qərargahının rəisi vəzifəsində çalışan general Nurəddin Sadıqov Brüsselə xidməti ezamiyyətə göndərildi. Səfərqabağı Ə.Elçibəylə görüşən N.Sadıqov ona tövsiyə edir ki, Kəlbəcərin müdafiəsini möhkəmləndirsin, oraya əlavə qüvvə, hərbi texnika göndərsin. Ə.Elçibəy isə məlum məntiqsiz fikrini təkrarlayır. Bunu eşidən təcrübəli hərbçi bildirir ki, ermənilər Kəlbəcərə mütləq hücuma keçəcəklər. Qüvvə göndərmirsinizsə, xahiş edirəm, onda mülki əhalini çıxardın. Kəlbəcərdə ordu yoxdur, özünümüdafiə dəstələri var. Hücum zamanı həmin dəstələr məcbur olacaqlar ki, ailə-uşaqlarını çıxartsınlar. Onda da Kəlbəcər tam müdafiəsiz qalacaq. Əvvəl qeyd etdiyimiz kimi, bu zaman 1-ci motoatıcı briqada Laçında idi. Ancaq ölkə rəhbəri bu tövsiyələri elə orada da unutdu.
Əbülfəz Elçibəy Kəlbəcərin müdafiəsi ilə bağlı yekdil rəyə gələn generallar Nurəddin Sadıqov, Dadaş Rzayev, Nəcməddin Sadıqov, Səfər Əbiyev, Zadir Rzayev, Valeh Bərşadlı, polkovniklər Rüfət Əmirov, Əzizağa Qənizadə və digər təcrübəli hərbçilərlə hesablaşmadı. Çünki onun ətrafında hərbi işdən başı çıxmayan diletant və boşboğaz «strateqlər» vardı. General Nurəddin Sadıqovun dili ilə desək, hərbi cəhətdən tamamilə kəmsavad olan bu adamlar hərbi mütəxəssislərə hər cür qara yaxa bilirdilər.
Nəhayət, Kəlbəcərin işğalı tam reallaşanda dağ atıcı alayının yaradılması ilə bağlı əmr verildi. Ancaq bu alay yaradılmadı, əmr kağız üzərində qaldı. Kəlbcərin işğalından bir az əvvəl buraya təxminən 20 nəfər silahsız gənc əsgər göndərildi. Heç bir döyüş görməyən bu əsgərlər nə edə bilərdilər ki, taleləri də məlum olmadı.
Kəlbəcərə həm Ağdərə, həm də Ermənistan tərəfdən bütün istiqamətlərdən hücum başlananda Laçında yerləşən 1-ci motoatıcı briqada əmr aldı ki, Kəlbəcəri müdafiə etsin. Onda 1993-cü il martın 30-u idi. Bu zaman Laçın tərəfdən erməni silahlı birləşmələri təxminən 5 min döyüşçü və çoxlu hərbi texnikanın köməyi ilə 1-ci briqadanın yerləşdiyi mövqelərə hücuma keçdi. Belə bir vəziyyətdə Kəlbəcərin müdafiəsi mümkün deyildi.

Vahid İMANOV,
«Xalq qəzeti»
1.04.2006



 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az