| BU
GECƏ KƏNDİMİZ YUXUMA GİRDİ
Görəsən nə vaxta qədər yuxularımız vətən
həsrəti ilə imzalanacaq? Görəsən elə bir gün gələcəkmi ki,
cismimlə, ruhumla, ürəyimlə sevdiyim doğma yurdumun düşmən
tapdağından döyənəyə dönmüş köksünə ayaq basaraq, həsrətdən
utanıb, sızlayan sökük divarlarını qucaqlayıb oxşayacammı?
Bu kədərli ssenarini yuxularımda canlandırmaq üçün hərdən
gecələri belə xəyallarla yuxulayıram və arzularımın gerçəkləşdiyini
röyalarımda görürəm. Özü də hər şey birdən, lap əvvəlki
kimi olur. Hazırda erməni təcavüzkarlarının əsarəti altında
qalan Kəlbəcər rayonunun ucqar kəndlərindən biri olan Ağdaban
kəndi.
Hərdən röyalarımda gördüyüm mənzərədən həzz alaraq, hər
şeyin həqiqət olduğunu güman edirəm. Oyandıqda isə röyamda
gördüyüm o, sehrli aləmin xəyalı ilə düşünüb yavaşcadan
pıçıldayıram: - bu gecə kəndimiz yuxuma girdi.
İlahi, hər şeydə qeyri-adi bir gözəllik var idi. Yaydır,
hər tərəf al-əlvan güllərə boyanıb. Quşların həzin nəğmələri,
kol dibindən atılan cırcıramaların qamaşdırıcı səsləri,
hündürdən tökülən çay şəlaləsinin könül oxşayan şırıltısı,
göylərə baş çəkən əzəmətli dağların al-qırmızı lalalərdən
geyindiyi libası sanki gəriblikdə sarsılan ana torpağa xüsusi
bir doğmalıq, yaxınlıq, təskinlik verir. Ancaq Ana Torpaq,
təbiətin ona bəxş etdiyi əsrarəngiz gözəlliklərlə təsəlli
ala bilmir. Hər an “kövrək qəhər dolu baxışlarını” yollara
zilləyərək, doğmalarının nə vaxtsa gələcəyini gözləyir.
Hərdən yuxularımda vaxtı ilə rəhmətlik Atamın sevdiyi billur
gözlü buzlu bulağa su içmək üçün yollanıram. Bulaq əvvəlki,
kimi göz yaşı təki dumduru, yekə yumru daşın altından qaynayır.
Bu daş əvvəlkindən fərqli olaraq qəriblikdən yam-yaşıl mamırlarla
örtülüb. Əyilib su içmək istəyəndə, lap qədim zamanlardan
zəncirlə bağlanmış dəmir fincanın qaraldığını görürəm və
öz-özümə deyirəm: - İlahi, yəqin qəriblikdən dəmir fincan
da pas tutub qaralıb.
Hərdən də kəndimizin çiyinləri üstünə aldığı “Sarıdağ” adlandığımız
uca dağın qoynunda, sürü kənarda həzin-həzin tütək çalan
çobanı görürəm. Bu yanıqlı musiqi uçub dağılmış kəndin əhatəsində
boşluqan tük irpədici uğultulu bir səs verir. Başımı qaldırıb
göylərə baxıram, kəndimizin yanığından göylərə qalxan burulğanlı
tüstüsü qara duman kimi tütək çalan çobanın üzərinə kölgə
salır. Qəlbimin dərinliyində misilsiz bir nigarançılıq hiss
edirəm və mənə elə gəlir ki, torpağıma ayaq bmaq üçün, mənə
ayrılan zaman ani bir anda sona catacaq. Tələsik-tələsik
uşaqlıq illərimdə olduğu kimi Baba Şəmşirin məzarını ziyarət
etmək üçün üz tuturam. Hündür qara mərmərdən qoyulmuş o,
ulu məzarın uçurulub-dağıldığını görürəm. Həyacandan ürəyim
çırpınır, təlaş içində uzaqlaçmağa can atıram. Elə bu an
“Baş Sarıtel” rədifi üstündə həzin bir saz havası eşidirəm.
Bu doğma və şirin nəğmə vücuduma işləyib məni daha da darıxdırır.
Ətrafıma boylanaraq səsin mənbəyini duymağa çalışıram. Kənarda
məzarın baş daşından bölünüb aralanmış böyük bir hissəni
görürəm. Yaxınlaşaraq əlimdəki çiçəkləri qara mərmərə həkk
olunmuş Dədə Şəmşirin haylı- haraylı, şirin nəğməli sazının
üzərinə qoyuram. Döyükmüş halda evimizə tərəf yolllanıram.
Uçub tökülmüş divarlardan başqa heç nə görmürəm. Elə bu
an atamın məni səslədiyini hiss etmiş kimi ətrafa boylanaraq
gözlərimlə axtarıram. Bu qorxunc cansıxıcı təklikdən qurtarmaq
üçün iti addımlarla atama tərəf yaxınlaşıram. Atamın məni
qucaqlayıb öpəcəyini güman etdim və dərindən məyusluqla
nəfəs aldım. Gözlərimi atamın gözlərinə zillədim, ancaq
baxışlarım və əlim başqa səmtə yönəldiyini gördum. Heyrətdən
qurudum, yavaşcadan pıçıldadım “Ay Allah kainatda nəvarsa
sənə səcdədir ”- dedim. Kəndimizdəki bütün evlər yandırılıb
yerlə yeksan edilsə də, vaxtı ilə balaca əllərimlə səliqə
ilə hördüyüm evcik dağılmamışdı. Qızım, bu kafirlər nə qədər
çapıb-talasalar da bu torpaqlardan bizim izimizi heç vaxt
itirə bilməyəcəklər - deyərək atam həmişəki adəti üzrə qaşlarını
ovuşdurdu, sözlərinə əlavə etməyə başladı: - heç sən bilirsənmi,
tikdiyin bu balaca evcik həcmcə kiçik olsada, çox böyük
qüdrətə malikdir. Məhz bu işlərlə gələgək nəsillərə əks
etdirmişik və etdirəcəyiki, bu topraqlar bizimdir və bizim
olaraq qalmalıdır.
Mən və mənim kimi başqaları da əminik ki, nə vaxtsa gördüyümüz
yuxular gercəkləşək. Atamın ruhu qarşısında başı aşağı qalmayacam,
çünki Allah heç vaxt xainlərin tərəfdarı deyil. Əminəm ki,
işğalçı erməni təcavükarlarının nə vaxtsa etdiyi əməllərdən
qəlbləri pas tutub qaralacaq.
SƏBİNƏ ZAHİRİ
|