BİR
KƏNDİN HARAYI
Yamanca bəd əsib yellərimiz, xəzana düşüb güllərimiz, qan
ağlayıb çöllərimiz, qara geyib payızlı-yazlı illərimiz…
O baharda da beləcə qan-yaş axıtdı dağ-daşlarımız, bacı-qardaşlarımız.O
baharda da çəməndəki gül-çiçəklərimiz şəhid qanına bələndi,
inlədi…Sonrakı bahara, sonrakı qışa ümid bəslədik, dilək
dilədik.Diləklərimiz hasil olmadı,göz yaşlarımız qurumadı.Necə
qurusun, bəyəm bu qədər dərdlərə ovuç boyda bir ürək tab
gətirərmi?
Həmişə toy-nişanların , iki sevən gəncin vüsal dəmində görüşə
tələsən qərənfil şəhidlərimzə bacı olub –başa qara bağlayıb,
sinəsini dağlayıb; ağı deyib-şəhid ağısı .Şəhid qərənfil
özünə dağlardan həmdərd tapıb.Aranda vaxtsız solan şəhid
qanına boyanan qərənfilin səsinə, fəryadına bir sızıltı
da qovuşdu; bu dağlarda şəhid olmuş novruzgülünün , qaymaq
çiçəyinin , lalənin , bənövşənin-ləçəkləri qana boyanamış
dağ çiçəklərinin Ağdabanına , Ağdabanın şəhidlərinə şəhidlərinə
dediyi ağı idi.Bu nə kaman yanğısı , nə də Dədə Şəmşirin
qaragöz balasına və onunla birlikdə şəhid olmuşlara qoşduğu
söz qoşqusu idi.Bu şəhid bənövşənin , novruzgülünün Dədə
ocağında ,Dədə yurdunda şəhid olmuşlara sızılıtısı idi.
Mən aşiqəm qana-qana ,
Kim düşünə, kim qana .
Bir cüt körpə balayıq ,
Sığınmışıq yarğana.
…Bir cüt körpə balası əlindən zorla alınanda qanlı düşmənə
əsir düşən qaragünlü , qaradonlu, qaratelli gəlindən eşitdiklərini
şəhid qərənfilə şəhid dağ çiçəkləri belə çatdırardı.
Odlamayın talamı,
Uçurmayın qalamı,
Məni ki aparırsız,
Aparmayın balamı…
Balasının qucağında qan içində can verdiyini görüb fəryad
eləyən ana görmüsünüzmü? Mən görmüşəm ,Allah bir də göstərməsin.Siz
görməyəsiniz.O ana necə qışqırıbsa səsi hələ də qulaqlarımda
, bir də Dəlidağda ,Murovda qalıb:
Yağı, nələr eylədin,
Karvanımı əylədin.
Bir balamı apardın,
Bəs o birin neylədin?
…Ağdaban - 8 aprel 1992-ci il.Görəsən bu qara ,qanlı tarix
yaddan çıxacaqmı?Ağdabanın yara üstən yara alan sinəsi sağalacaqmı?Deyirlər
ki, Ağdabanın tarixinə həmin gün qara həriflərlə yazılıb.Mən
isə deyərdim ki, yox, qan qırmızı rənglə yazılıb o gün .Şəhid
kəndin şəhid balalarının qanı ilə yazıldı.Qoy yağılar bilsin
ki, o dəhşətli gün unudulmayacaq.
Ağdabanın o dəhşətlərindən danışmaq olmur.Necə deyəsən ki,
tarix boyu sazlı-sözlü olan Ağdaban o gün odlara qalandı.Hansı
mənəvi haqla bunu dilimizə gətirək? Dilim od tutub yanır
– Ağdaban kimi.Necə deyim ki, Dədə Şəmşirin hələ işıq üzü
görməyən əlyazmaları yandırılıb, külü göyə sovurulub? Necə
deyim ki, faciələr baş verən kimi döşümüzə döyüb , vətənpərvərliyimizdən
dəm vurmuşuq: “Əşi , erməni kimdir ki,bizə güc gəlsin,biz
Koroğlular, Babəklər, Cavanşirlər , Nəbilər … nəslindənik”
.Və sonra …” elnən gələn qara gün toy-bayramdır”, deyib
yasa batmışıq.Bu bəlanın ağrılarından biri də Ağdaban faciəsi
oldu.
Ağdaban kəndi.Ağdabanda Ağdabanlıqmı qalıb? Nəyindən danışasan:
günahsız yerə top tüfəngə tutulub, alovu göyləri yandırmağındanmı
, yoxsa abır-həyalı qız-gəlinlərin, gül balalarının sızıldaya-sızıldaya
əsir aparıldığındanmı?...
Ağdabana aprelin 9-da səhər tezdən çatmışdıq.Yağılar kəndi
tar-mar edib, dağıtdıqdan sonra baxmaq olmurdu bu yerlərə.Dünəndən
od vurulmuş evlərdən hələ də burum-burum qara tüstü qalxırdı.Çapar
tərəfdən atılan toplar bizdən o yana düşüb salamat qalmış
bir neçə evi də dağıtdı.Kəndin köməyinə gəlmiş müdafiəçilər
düşməni susdurmağa çalışsalar da heç bir əhəmiyyəti yox
idi.Ağdaban qan içində boğulur, “tüstüsü başından çıxırdı”.
Ağdabanla Çayqovuşan arasında bir təpə var.Dədə Şəmşirin
son mənzili buradadır.Təsadüfən , ya möcüzədənmi, ya nədənsə
salamat qalmış məzar daşları sanki yandırılmış hər iki kəndə
ağı deyir.Yığışmışdıq Dədə Şəmşirin məzarı başına .Hamı
günahkar-günahkar başını aşağı dikib Dədəyə başsağlığı verir.
Kənddəki meyidləri çıxarmaq üçün qrupayrılıb.Güllə yağışının
altında kəndə girmək qorxulu olsa da , heç kim ehtuyat etmir.Saya
bilmirdik yandırılmış, işgəncələrlə divan tutulmuş kənd
çamaatının meyidlərini.
Birdən kimsə qışqırır: “Vay qardaş, can ay qardaş.Səni də
, kəndimiz kimi qoruya bilmədim…”Deyirlər ki, şair Əlqəmənin
oğludur.Bu fəryad bəlkə də Murovun qarlı zirvəsinə qədər
gedib çatmışdı.Dağlarda da bu haray var idi…
Ağdabanın o dəhşətli günlərini gözlərimə köçürüb üzü geri
qayıdırdım.Kəlbəcərin milisləri , özünü müdafiə dəstələri
isə hələ də soraqları olmayan ağdabanlıları axtarırdılar.Ağdabanda
qanlı ayaq izləri və bir də ara-sıra güllə səsləri qalırdı.
O gün Kəlbəcər gözləri baxa-baxa şəhid olmuş ağdabanlılara
qara geyinmişdi.Kəlbəcər özünün ilk şəhid balalarını sinəsinə
basıb oxşamaq istəyirdi.
Kəlbəcərin “Yolaşan” deyilən yerində bir xiyaban salınırdı:Şəhidlər
xiyabanı .Bu xiyaban ilk şəhid karvanı yol başlamışdı.Bu
qara karvan ağdabanlıların idi.Hərəsi bir yaşda , hərəsi
bir adda , hərəsi bir yanğıda idi.Amma hamısına eyni biçimdə
, eyni rəngdə bir paltar geyindirmişdilər.Qara geyimli,
qara karvanın önündə diri Quran kəlməli nur qocalarımız
Allaha dua edir, bunların arxasınca isə gözüyaşlı el axışırdı…
“ Axtarıb Şəmşiri sormaq istəsən …”
sızıldar , ah çəkər yaralı dağlar.
Bu gün murdar erməni tapdağı altında inildəyən dağlarımızdakı
ocağı , odu sönmüş müqəddəs yurdlarımız ,bizlərdən haray
diləyir, imdad gözləyir.Belə ocaqlardan biri də sazı, sözü,
dədliyi ilə yaddaşlara həkk olan Dədə Şəmşirin gülü göyə
sovrulan yurd-yuvasıdır.
1992-ci il aprel ayının 8-də Dədə Şəmşirin ata ocağı olan
Ağdaban Ağdərədə quduzlaşan erməni quldurları tərəfindən
darmadağın ediləndə , Ağdabanlı körpələr əli-qolu bağlı
qul kimi əsir aparılanda ağdabanlıların fəryadı ikicə addımlıqdan
o yana çatmadı.Təkcə onu deyək ki, Ağdabanın kişi qeyrətli
qadınları o vaxt silahsız-filansız səkkiz erməni yaraqlısını
tərksilah edib (altı qadın ha!) kəndini qoruyur, Kəlbəcərin
qala qapısı olan Ağdabana “ bir quş belə səkmirdi”.
İndi xatırlanan o illərdən xeyli keçib.İndi biz də dədəsiz
Ağdabandan aralıyıq.Dağlar bu gün Şəmşirsiz, Şəmşirin sazı
isə ondan ötrü burnunun ucu göynəyənlərə həsrətdir.Müqəddəs
dağ obrazı yaradıcılığının ana xəttini təşkil edən Dədəd
Şəmşirin dünyaya göz açdığı vaxtdan bir əsr keçib.Amma yamanca
səsiz-səmirsiz qarşılayırıq bu yubleyi.Bu da Şəmşir dədənin
ruhuna və şəmşirsevənlərə bir dərd olub.
Dədə Şəmşir müqəddəs bir ocaqda göz açmışdır.Atası Aşıq
Qurban, Miskin Abdal nəslinin dövrümüzdə yazıb-yaradan nümayəndələrindən
biri kimi tanınmış el aşığı idi.Dədə Qorquddan Dədə Ələsgərə
kimi sazı və sözü ilə mükəmməl bir aşıq məktəbi yaratmış
bu ulu sənətkarın ocağında , şübhəsiz, Şəmşir kimi söz sərrafı
böyüməli idi .
Yaradıcılığında dağların əzəməti, vüqarı başlıca mövzuya
çevirilmiş Dədə Şəmşir aşıq şeirinin bütün formalarından
istifadə etmişdir.Ölməz sənətkarımız Səməd Vurğunla Dədə
Şəmşirin yaxın dostluğu da məhz aşığın istedad və qabiliyyətinin
o zamankı tanınmış sənət adamlarının diqqətində olduğunu
göstərirdi.
Səmədlə Şəmşir dostluğu hər iki azman sənətkarın saza –sözə
bağlılığından qidalanmışdır.Xalq yaradıcılığına dərindən
bələd olan və bunu poeziyasında sübut edən Dədə Şəmşirlə
Səməd Vurğun Dəlidağda , Ceyran bulağında , Turşsudakı görüşlərinin
el arasında dastana çevirilməsi bir daha göstərirdi ki,
bu ilham çeşməsindən bəhrələnən sənətkarların dostluğu bir
sim üstə köklənibdir.Bəli S.Vurğunla Dədə Şəmşirin Kəlbəcərlə
, İstisu ilə bağlı xatirələri indi bizə dünənimizdən qalan
ən şirin xatirələrdir...
Dədə Şəmşir Kəlbəcərin Səmədli günlərində bəxtdəvər idi.Dünyanın
tanıdığı və adını hörmətlə çəkdiyi bir şəxsiyyətlə dostluq
edirdi.Bunun özü göstərirdi ki, Dədə hər əlinə saz alıb
məclisləri rövnəqləndirən aşıqlardan deyil.Səməd Vurğun
hər sənətkara belə böyük qiymət verməmişdir.Nə isə...
İndi oturub dədəsiz günlərimizdə Dədənin xatirələrlə dolu
ömür səhifəsini də vərəqləmirik.Yurdsuz –dədəsiz günlərimizin
ağrı-acısını dadmaqla başımızı qatırıq.Və yuxularımızda
dədəli günlərimizə qovuşuruq.
...Dədənin bu vəfasız dünyadan köç edən ili də kəlbəcərlilər
üçün ağır
gəlmişdi. Dağlar qan-qan deyirdi. Ulu ozanı əbədi dünyaya
yola salan dağ-daş
qan ağlayırdı. Təbiət qış donunu geyinmişdi. Ağdabana gedən
yollar yığnağından bağlanmışdı. Amma Dədə ilə sonuncu dəfə
vidalaşmağa gedən sənətkarları bu dağ boranı qorxutmurdu.
Hüznlü karvan üz tutmuşdu Ağdabana. Dədənin qara köynəkli
telli sazı “Kərəmi”yə köklənmişdi. Ağdaban özünün Dədəsiz
günlərini yaşamağa başlayırdı. Çayqovuşanla Ağdaban arasındakı
təpədə əbədi yer seçilmişdi Dədəyə. Deyirlər ki, öz arzusu
olub bu yerin seçilməsi. Buradan baxanda Dədənin həmşə vəsf
etdiyi dağlar və dağların ilham çeşmələri buradan aydın
görünür...
... İllər necə də quşqanadlı olurmuş. İndi o illərdən çox
vaxt keçib. O zaman Dədəyə ağı deyən dağlar indi də Dədəsiz
qalan, külü göyə sovrulan Ağdabana və Çayqovuşana niskilli,
hüznlü nəğmə deyir. Belə həsrətli mısralarla biz də özümüzü
ovundurur və Dədəni haraylayırıq.
Dədə Şəmşir , bilirsənmi gül açmır ,
Xəzan vurub bahar çağı dağları.
Sazlı-sözlü balaların dil açmır,
Bürüyübdü fəryad , ağı dağları.
“Köç eyləyib “ –elin səndən aralı,
Çalın-çarpaz sinəsindən yaralı.
Alıbdı nişana “xəstə maralı”,
Salıbdı kəməndə yağı dağları.
Məhəmməd dədsiz qalıb bu yanda,
Qılınclar yamanca pas atıb qında.
Hər “Novruz günü”-ndə , bahar ayında ,
Dağlayır sinəmi dağı dağları.
Dədə Şəmşirsiz gözləri yollarda qalan Ağdaban 8 aprel 1992-ci
il tarixində can verirdi, boğulurdu öz körpələrinin ah-vayından.11
iyul 1990-cı il tarixində Otaq qayada erməni daşnaklarının
güllə-baranına düşən Çimnaz balasını qoruya bilmədiyimiz
kimi, indi də ağdabanlı balaları güdaza verdik.Dədənin ruhu
bizi bağışlayacaqdımı ? Heç kim bu suala cavab verə bilmir,
hamı günahkar-günahkar başını aşağı dikib , sabahkı müsibətlər
barədə düşünürdü.Kəlbəcər atılan düşmən gülləsi Dədənin
qaragöz balasına dəymişdi.İndi də Dədənin od-ocağı odlara
qalanmışdı.
... Dədə Şəmşirin ocağından qalxan alov dilli fəryadlar
bizi yandırıb-yaxırdı.Dədənin əlyazamaları o gün göyə sovrulmuşdu,
şəhid olmuşdu ağdabanlılar kimi.Bu şəhidlər karvanının qana
bələnmişlərindən biri də Dədənin nəvəsi Qulu idi...
Dağlar nalə çəkib Şəmşirsiz ağlayan günlərdə dədsizləşmiş,
boynubükük qalmışıq.Gümanımda yamanca yanılmışam.Elə bilirdim
ki, dədəsiz günlərimizdə ən çox anılan Şəmşir ocağı olacaq.Çox
təəssüf ki, belə olmadı.Dədəni qəlbimizdə əbədi heykəlləşdirsək
də , o, maddi-mənəvi abidəmiz kimi qorunmadı.Nə müqəddəs
yurdunu, məzarını ziyarətgahını saxladıq, nə də özündən
sonra gələn nəsildə onun örnək olan həyatını, yaradıcılığını
aşıladıq.Hələ sağlığında Dədənin ocağını müqəddəs bilən
söz həmkarlarımız da sanki Şəmkir sazının sızıltılarını
, özünün xoş avazını yada salmadı.Olsa-olsa radioda bir
lenti qaldı.
Respublika prezidentinin Səməd Vurğunun anadan olmasının
90 illiyinin təntənəli keçirilməsi üçün verdiyi fərman səmədsevərlərin
və Şəmşir sazının pərəstişkarlarının qəlbincə oldu.Bu yerdə
Dədə Şəmşirin anılması, bir əsrin yaşıdı kimi rəsmi xatırlanması
şəmşirsevənlərin niskilinə dönsə də , inanırıq ki, vaxtilə
poeziyanın , aşıq şeirinin qoşa zirvəsi kim respublika ictimaiyyətinin
diqqətində olan Səməd Vurğun və Aşıq Şəmşir bu gün də qoşa
anılacaq.Buna onların , hər ikisinin mənəvi haqqı çatır.Son
söz isə respublika Aşıqlar Birliyi və Yazıçılar Birliyinin
olmalıdır.Bu mənəvi borc unudulmamalıdır.
|