Ağdaban harayı o, müdhiş gecənin
acı həqiqətləri
Min
il öncə olduğu kimi, bu gündə torpaqlarımızın işğalı, millətimizin
ən böyük faciəsidir. Qaçqın, məcburi köçkün dalğası illər
boyu vətənimizin başı üstündən əskik olmayıb. Ermənlər işğal
etdikləri ərazilərdə tarixi memarlıq abidələrimizi vəhşicəsinə
dağıdaraq əvəzində öz iyrənc əkslərini yamaq vurmağa çalışırlar.
Bununla onlar millətimizin hüququnu taptalıyaraq, dünyada
özlərinə haqq qazandırmağa çalışırlar.
Azərbaycanın ən gözəl guşələrindən biri olan, öz təbii sərvətləri,
tarixi abidələri, milli sərvətləri ilə seçilən Kəlbəcər
1993-cü ildən ermənlərin təcavüzü altındadır. Oturub bu
illəri vərəqləyəndə elə bir gün olmur ki, keçmişə qayıdıb,
uşaqlıq illərimin ən gözəl, firavan qaçqın sözünü dilimə
belə gətirmədiyim, o qayğısız illərimə qayıdıb, xəyallarda
da olsa vətənim Ağdabanı, dünyaya göz açdığım, suyu, torpağı
ilə qidalanıb boya çatdığım o diyarın hər qarışını gəzib
dolanmamış olmuram. Hərdən o, ağla belə gəlməyən 8 aprel
Ağdaban faciəsini gözlərimin qarşısından bir kino lenti
kimi keçirəndə döyükmüş halda qeyri-iradi olaraq ətrafıma
boylanıram. Hər şeyin yenidən cərəyan etdiyini guman edirəm.
Atışma, ətrafımdan ötən güllələrin sədəfindən kənara çəkildiyimi
təsəvvür edirəm.
1992-ci il, aprelin 7-dən 8-nə keçən gecə; Kəlbəcərin gözəl
yaylaqları, müalicəvi bulaqları, səfalı məhsulları, qonaqpərvər
insanları ilə seçilən Ağdaban kəndi. Kənddə həmişəki kimi
sakitçilikdir. Kənd əhli hərə öz isti komasında kimisi yatıb,
kimisidə öz həyət bacasında hərlənir. Ucqar zona olduğundan
dağ ətəklərində qalan qar yığnaqlarının soyuq küləyi havaya
bir qədər rütubətlik versədə, yazın gəlişi kəndimizdə də
özünü göstərmişdir. Oyanmış təbiət, günəşin qaynar şəfəqləri
altında qızınmağı səbirsizliklə gözləyirdi. Kəndimizdəki
bütün çiçəklər kimi bənövşə də çox olardı. Yazın son aylarında
kolların, daşların dibindən baş qaldıran bu çiçəklər öz
ətri ilə ətrafa gözəl bir təravət verərdi. Hər il bu çiçəklərin
açmağını səbirsizliklə gözləyərdim. Heç ağlıma belə gətirməzdim
ki, o çiçəkləri bir daha dərə bilməyəcəm....
Arabir atılan güllə səsləri kəndimizdə səs-küyə səbəb oldu.
Mən qardaşımla güllə səsinə oyanmışdıq. Mənim 7 yaşım var
idi. Qardaşım iki yaş məndən böyükdür. Ağdaban kəndi təcavüzkar
qonşularımızın, Çapar kəndi ilə sərhəd zonası olduğu üçün
belə atışmalar tez-tez olardı. Odur ki, hər şeyin tezliklə
yat-yut olacağını guman etdik. Atam və anam hadisənin nə
yerdə olduğunu öyrənmək üçün həyətə çıxdılar və bizə bərk-bərk
tapşırdılar ki, bayıra çıxmayaq, əgər çıxarıqsa atılan güllələr
bizə dəyə bilər. Belə hadisələr kəndimizdə çox olmuşdur.
Mən qardaşımla pəncərədən bayıra baxırdıq. Həmişə olduğu
kimi, ulduz kimi parıldayan güllələr kəndimizin üzərində
işıq saçıb sönürdü. Ancaq gözlənilmədən hər şey daha dəhşətli
oldu. Kəndimizin ağır raketlərlə atəşə tutulduğunu gördük.
Evlərin bəziləri yavaş-yavaş yanmağa başladı. Bizim evimiz
hündür və qıraqda olduğundan kəndin içərisində cərəyan edənləri
asanlıqla görürdük.
Həyət bacada qaçan qadınlar, uşaqlar atəşə tutulurdu. Mən
qardaşımla donub qalmışdıq, həyacandan boğazımız qurumuşdu.
Qapını açıb həyətə düşmək istədim. Qardaşım əlimdən tutaraq,
geri çəkdi: Bacıcan öldürərlər - dedi: Dustaqlıqda qalan
məhbus kimi evimizin eyvanından bayıra açılan qapıya boylandım.
Atılan güllələrin təsirindən qapı tez-tez açılıb örtülürdü.
Doğrudan da bayıra çıxmaq təhlükəli idi. Qardaşım əlimdən
buraxmırdı hər dəqiqə qaçmaq üçün cəhd göstərəcəyindən qorxurdu,
hər vasitə ilə sözü fırlayıb, fikrimi yayındırmağa çalışırdı
ki, qorxmayım. Bu mümkün olardımi?
Gözlərimin qarşısında insanlar güllələnirdi, evlər yandırılırdı,
diri insanların fəryadına belə baxılmadan oda atılıb yandırırdılar.
Bu əsl müharibə idi, lap...babamın danışıqları kimi; Qadınları,
uşaqları xilas etmək üçün hərəkətə gələn maşınlar raket
güllələri ilə atəşə tutulurdu, insanlarla birlikdə parça-parça
olub ətrafa səpələnirdi. Kəndimizin burulğanlı tüstüsü göylərə
lap... hündürlərə qalxaraq bu dəhşətli müharibənin acı həqiqətlərini
dünyaya, bütün bəşəriyyətə çatdırmağa çalışırdı. Ana torpaq,
əzizlərinin axan qan selindən boğularaq dilə gəlmişdi o
gün “Oyanın ey insanlar deyirdi-sizin ətrafınızda əfi ilana
bənzəyən qansoran ermənlər var. Onlar sizi fəlakətə düçar
edib mənə sahib çıxmaq üçün gəliblər”... Bəli həmin gün
torpaq da, daş da, adi bir ot da dilə gəlmişdi. O qanlı
günün şahidi olan hər kəs bu kədərli ssenarini gözləri önündən
keçirdikdə Ağdaban faciəsini təkrarən yaşamamış olmur.
Tarixi baxımdan Stalin dövrünü xatırladırdı o gün. Balanı
anadan zorla qoparan faşistlər, körpə fəryadına baxmadan
oda atıb yandırmaqla özlərini Bəşəriyyətə hakim kimi tanıtmaq
istəyirdilər. Ağdabanı doğma anası Kəlbəcərin qoynundan
zor gücünə alıb yandırıb taladılar. Əhalisini bir günün
içində amansız surətdə qətlə yetirdilər. Qız, gəlinlərimizi
əsir götürüb, böyük məbləğdə pula özümüzə satdılar. Görəsən
ermənilər bununlamı dünyada özlərinə bəraət qazandırmağa
çalışırlar? Nə qədər özgə torpaqlarına göz diksələr də səpdikləri
toxumdan özləri kimi saxta insanlar cücərəcək. Axı özgənin
torpağını mənimsəyə bilməzlər. Torpaq Allah tərəfindən bəxş
edilən müqəddəs hədiyyədir.
Bu gün qəriblikdə qalan vətənim Ağdaqanın hər qarışı uşaqlıq
illərimi şirin xatirəsi ilə bağlıdır. İndi mən, öz yurduma,
ata ocağıma, doğulduğum evə gedib, vətənimin torpağına ayaq
basaraq təmiz havasını udub, göz yaşı kimi saf bulaqlarından
su içə bilmirəm. Çox həsrətindəyəm o yerlərin. Hətta yuxularımda
belə ayaq bassam qaranlıq bir müdhişlikdə azıb qalıram.
Torpağıma uzanan qollarım qandallanır, gülünə, çiçəyinə
əl uzadıb qoxulamaqdan məhrum oluram.
Həsrətində olduğum vətənim Ağdabanın hər daşında Dədə Şəmşirin
telli sazının kövrək simi gizlənir, gecə-gündüz həzin nəğmələri
ilə insanları həmişə olduğu kimi, düzlüyə, sədaqətə, hünərə,
cəsarətə, dostluğa, qardaşlığa çağırır.
Yamanları nə şad olsun, nə gülsün,
Bilinməz sirləri qoy aləm bilsin,
Elin qəzəb əli başını bölsün,
Çəksin o da ahu zar, Ağdabanda.
Şəmşirəm bu işə eli qatmıram.
O namərdin tikəsini dadmıram.
Gecə-gündüz nifrin edib yatmıram
Məhv olsun o xain mar Ağdabanda.
Aşıq Şəmşirin zərif və şirin şerlərinin
hər birində Kəlbəcərin bütün incəlikləri, düşmənin heç vaxt
tapa bilməyəcəyi sirli xəzinələri qələmə alınıb. Dədə Şəmşirin
bu həqiqətləri ildən-ilə, nəsildən-nəsilə keçəcək, dünyanın
xəyanət qıfılının ən müqəddəs, mərhəmətli, qiymətli açarına
çevriləcək. Kəlbəcərin Azərbaycana məxsus olmasını bütün
dünyaya əks etdirəcək.
Ermənilər ancaq bir məqsədlə gəlmişdilər Ağdabana: dinc
insanları qətlə yetirmək, evləri uçurub yandırmaq, qeyri-insani
cəza üsullarından istifadə edərək, əsir və girovlar götürüb
işgəncə vermək.... Həmişə saxta göz yaşları axıda-axıda
mələk donuna girərək siz bizim mehriban qonşularımızsınız
- dedilər. Girəvə düşən kimi şeytan cildinə girib qan tökdülər.
Hiyləgər erməni quldurları bir gecənin içində şeytan əməlləri
ilə Ağdabanı mühasirəyə alaraq yerlə yeksan elədilər, silahsız
insanları qorxudaraq öz ata-baba yurdlarından qovdular.
Ağdabana sahib çıxdılar.
Erməni quldurları məqsədlərinə nail oldular. Kəndimizi əhatə
edən meşələri yandırmaqla əhalinin çıxış yolunu bağlamağa
çalışırdılar. Ancaq qar təmiz ərimədiyindən bəzi yerlərdə
quru yarpaqlar tüstülənirdi. Meşələr insanların ah-naləsini
içinə çəkərək uğultulu tük irpədici əks-səda buraxırdı kəndə.
Tanklar kəndimizə daxil olmuşdu, qabaqlarına keçən ölü,
diri hamısını dımir dabanları altında xıncım-xıncım edirdi.
Kolxozun mal-qarası qarət edilirdi. Kəndimizin arasında
görsənən yük maşınlarına qiymətli xalçalar, ev avadanlıqları
və c. yiğilirdi.
Mən qardaşımla hələ də fürsət tapıb evdən çıxa bilmirdik.
Atışma ara vermirdi. Atamın səhəti ilə əlaqədar ayaqları
tutulmuşdu. Yeriməyi üçün kiməsə nəyəsə dayaq verməli idi.
Yeganə xilaskarımız anam da bilərdi.Evimizin bir tərəfindən
düşən raket mərmisi dəhşətli ıldırım kimi partladı. Biz
durduğumuz otağın pəncərələri çilik-çilik olub üstümüzə
töküldü. Ağlayıb qışqırmağa başladıq. Tezliklə evdən çıxmaq
lazım idi. Dünyaya göz açıb istisinə qızındığımız müqəddəs
ocaqdan. Mərmilərin gurultusundan boş çarpayımız beşik kimi
yırğalanırdı. Bir zamanlzr atamın mənə hədiyyə etdiyi, günəş
formasında oyuncaq, hardansa da alovlanaraq döşəmənin üzərinə
düşdü. Alışıb-yanan bu oyuncaq həmişəki sözünü son anda
da təkrar etdi:-“ma...ma” (ona əl vuranda belə səs çıxarardı).
Çat-çat liub uçmaq üzərində olan divarlardan, hələ körpəliyimizdə
anamın bizim üçün oxuduğu həzin layla səsləri eşidilirdi.
Bəlkə də mənə belə gəlirdi.
Evimizin bir tərəfi uçub-tökülmüş toz-duman içində tüstülənirdi.
Əgər evdən gec çıxarıqsa yana bilərdik, ancaq neca xilas
olacağımızı bilmirdik. Qapının çıxışı uçub-tökülmüş diklərlə
bağlanmışdı. Qəribə deyildimi,” Bənək” adlı itimiz iki ayağı
üzərində həyətdə o tərəf, bu tərəfə yeriyərək, əllərini
göyə açıb ulayırdı. Sanki Allahdan bizə kömək olmağını istəyirdi.
Gözlərim qonşumuz Camal əmiyə sataşdı. O, Balaca qızını
çiyinləri üstə götürərək sürətlə qaçırdı. Görünür Ülvüyyə
də bizim kimi evdə tək qalıbmış – deyərək ağlaya-ağlaya
köks ötürdüm. Bəs bizi kim xilas edəcək? Yəqin atamla, anamı
öldürüblər... Ola bilməz bacıcan, ola bilməz – deyərək qardaşım
məni sinəsinə sıxdı. Sözlərinə əlavə etdi – bəlkə onların
bizim köməyimizə ehtiyacı vardır.
Qaqaşım bəs, bəs biz burdan necə çıxaq – deyərək Elnurun
gözlərinə baxdım. Çox vahiməli və ümüdsüz baxışları var
idi qardaşımın. Özünü zorla ələ almışdı, məni qucaqlayıb
öpə-öpə ağlayırdı. Elə bil hər ikimizdə ölməyimizlə razılaşmışdıq.
Birdən qardaşım var gücü ilə qışqırdı - vurdular, vur...du...lar,
yox-yox ay Al...l...ah. Mənə elə gəldi ki, atılan güllə
qardaşıma dəyib - yox-yox qurban olum məni tərk etmə burda,
mən sənsiz heç nə bacarmayacağam – deyərək Elnuru öpə-öpə
bağrıma basdım:
-Vurdular, Camal əmini, kafırlar Camal əmini atdılar bacıcan.
Dönüb tozlu yola baxdım. Balaca Ülviyənin yumaq kimi qıvrılıb-açıldığını,
bir qədər kənarda isə Camal əmini üzü üstə başı parçalanmış
gördüm. Düşmənin atdığı güllə balaca qızcığazın kürəyindən
keçərək, atasının beyninə işləmişdi.Qızcığaz qanına bulaşmış
balaca əllərini atasına uzadaraq canını tapşırdı.
Bu üç yaşlı qızcığaz öz şıltaqlığı ilə məhəllədə hamının
sevimlisinə çevrilmişdi. Sıx kirpikləri, iri qara gözləri,
ağıllı baxışları var idi Ülvüyyənin. Qızcığazı tanıyanlar
işıqlı gələcəyi var deyərdilər. Qaranlıq gələcəyi oldu bu
qızcığazın. Onun körpə dünyasına əbədi qaranlıq, bu səs
küydən uzaq bir aləm açıldı. Kim bilir o, balaca ürəkdə
hansı uşaq arzuları var idi Ülvüyyənin. O, kafırlar balaca
qızcığazın qəhər dolu baxışlarını gözündə əbədi dondurdular.
Körpəyə, müdafiəsiz bir insana güllə atmaq, insanlığa xas
olan xüsusiyyət deyil, bu əsl xəyanətdir.
Barıt qoxusu adamın beyninə işləyirdi. Anamı pəncərə önündə
görcək hər ikimiz sevindik. Taxta nərdivanın köməyi ilə
evimizin pəncərəsindən düşdük; Heç bir şey götürmədən. Hətta
çörək götürmək belə ağlımıza gəlməmişdi. Az sonra evimiz
gözümüz önündə alova büründü. Yanan evimizin tüstüsü, alovu
bizi düşmən gözündən yayındırdı, tuşlanan güllələrdən qorunmaq
üçün azacıq da olsa şərait yaratdı.
Anam üçün çətin idi. Atamı qoyub getmək istəmirdi. Hər ikimizi
öpərək ALLAH sizi qorusun mənim balalarım – dedi: Qardaşıma
tapşırdı ki, bacını düşmən əlinə vermə.
Mən qardaşımla atam görsətdiyi dərə aşağı üz tutduq. Dərə
bataqlıq idi. Soyuqdan ayaqlarımız donurdu. Ayağımızda ayaqqabı
olmadığından daş, çınqıl ayaqlarımızı əzirdi, ağrını fərqinə
belə varmadan qaçırdıq. Kənd əhlinin bir qismi ilə rastlaşdıq.
Adamlara qoşularaq, meşələri, düzləri, dərələri keçdik.
Aclıq və yorğunluq hamı kimi bizi də üzmüşdü, danışmağa
heyimiz qalmamışdı.körpələr çörək deyə ağlayırdılar. Analar
isə körpələrin qarşısında cücsüz idi. Halsızlıqdan ölənlər
də olurdu.
İki gündən sonra Kəlbəcərin Bağırlı kəndinə çatdıq. Yerli
sakinlər belə çətin məqamda bizə hər cür köməkliklər göstərdilər.
Həmin gün Ağdaban faciəsinin qanlı izlərini zamanın sel,
suları yuya bilməyəcək. Neçə-neçə körpələr yetim qaldı.
İnsanlar əsir götürüldü. Dinc əhali güllələndi. Bu da mənim
uşaqlıq xatirələrim.
Əzizlərimizi itirsək də, doğma vətənimiz Ağdabandan didərgin
düşsək də, gələcəyə ümidlə və nikbin baxırıq. Qəmin, kədərin,
dərdin qarşısında aciz qalmamışıq. Bir-birimizə arxa dayaq
oluruq, son tikəmizi yarı bölürük. Inarırıq ki, torpaqlarımız
işğalçılardan mütləq azad olacaq. Axı Vətən itkisi Vətənindən
heç bir günahı olmadan qovulmaq, bu heç bir vicdana və əxlaqa
sığan deyil.
Üzümü tuturam bütün Kəlbəcər əhlinə, əgər biz bütün başımıza
gələnləri unutsaq, onda heç kəs bizim Vətənimizi geri qaytarmayacaq,
elimizi, obamızı gələcək nəsillər tanımayacaq. Mən əminəm
ki, Ulu Tanrı biz insanların haqq səsini eşidəcək.
Unutsaq, unudularıq və bir də
Torpaq! - əgər uğrunda ölən varsa,
Vətəndir! – deyərək hər an Vətən uğrunda, torpaq uğrunda,
haqq-ədalət mübarizəsinə və lazım gələrsə, müharibəsinə
yumruq kimi birləşib hazır olaq.
SƏBİNƏ ZAHİRİ
|