ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


AĞDABAN FACİƏSİ. Sinəmizə dağ çəkilib, Dədə Şəmşirin arxivi yandırılıb.


 

 


Vətənimizin başı üstündəki qara buludlar getdikcə qatılaşır.İgidlərimiz, ana və bacılarımız, körpə və qocalarımız günahsız yerə güdaza gedir, kəndlərimiz, şəhərlərimiz, qədim əbədi və əzəli beşiyimiz olan yurd yerlərimiz xarabazara çevrilir. 5 ildən artıq davam edən qanlı müharibənin qanlı səhnələrini saymaqla, yazmaqla qurtarası deyil. Demək olar ki, xalqımız hər gün, hər saat qurban verir.
Söhbətim növbəti qurbanlardan biri olan Kəlbəcər elinin Ağdaban kəndində baş verən,hələ də çoxlarına bəlli olmayan bəzi epizodlar barəsindədir. O yurd yeri ki,orada Ağdabanlı Qurbanın, aşıqlar aşığı Dədə Şəmşirin məzarları uyuyur, yə`qin qəvi düşmən kəndin üstünə hücum çəkəndə ata-bala Miskin Abdal yadigarı olan bu ustad sənətkarların məzarda sümükləri uyuşub...
Aşıq Şəmşirin oğlu Qənbər Qurbanovdan eşitdiklərim:
-Ağdaban faciəsi Azərbaycanın Xocalıdan sonra ən dəhşətli, ən müthiş ağrılarından biridir. Yanğın və qırğın vaxtı 40-a yaxın adamın ölümü dediklərimə sübutdur. Hələ 50-yə qədər dağıdılıb yerlə yeksan edilməsini dilə gətirmirəm.Bütün bu ağrılardan daha müdhiş olan başqa bir dərd də var ki, o da Aşıq Şəmşirin arxivinin yandırılmasıdır.
5-6 il bundan əvvəl şair Hüseyn Kürdoğlu Kəlbəcərə gələndə ondan xahiş etdim ki, atamın külliyyatını yerbəyer eləsin. Yə`ni şe`rləri növbənöv ayrı yığsın.Mən ərəb əlifbasını bilmədiyimə görə bu işi ondan xahiş etdim. Sağ olsun, Hüseyn müəllim də şe`rləri nizamla, ayrı-ayrı qovluqlara yığmışdı. Yadıma gəlir, həmin qovluqlardan biri də babam Ağdabanlı Aşıq Qurbanın idi.
Şair qardaşım qovluqları səliqə ilə, çin-çin böyük bir dəmir seyfə yığdı və bunların zəngin bir xəzinə olduğunu bildirdi. Səhv eləmirimsə, o vaxt Bakıya gələndə həmin qovluqlardan bir neçəsini də özü ilə götürmüşdü.
Hər şeydən öncə onu qeyd etməyi vacib sayıram ki, həmin şe`rlərdən heç biri çap üzü görməmişdi. Onları üst-üstə hesablayanda 200 min misradan çox şe`r eləyir. Demək olar ki, tale mənə indiyədək görmədiyim ən böyük zərbəsini endirdi. Heyf ki, vaxtında bu nadir xəzinəni Əlyazmalar İnstitutuna verməmişəm. Kim deyərdi ki, belə bir dəhşətli faciə baş verə bilər. Ağdaban qırğınında hamı kimi mənim də simsarlarım həlak olub. Onların ölümü mənim atamın ömrü boyu yazıb yaratdıqlarının məhv olması qədər yandırmır. Elə bilirəm dağım uçub, dünyam dağılıb...
Atamın külliyyatının böyük bir hissəsi yansa da, müxtəlif vaxtlarda yazılan şe`rlərindən bə`ziləri təsadüfənmi, xoşbəxtlikdənmi sağ-salamat qalıb. Hansı ki, həmin əsərlərin heç birindən kimsənin xəbəri yoxdur. Əldə olan şe`rləri üst-üstə topladıqda 200 çap vərəqi həcmində olar. Bundan başqa, 100 səhifədən artıq xatirələri sənətsevərlərə mə`lum deyil.
Qənbər müəllimdən salamat qalan şe`rlərdən bir qismini alıb vərəqləyirik.Burada müxtəlif vaxtlarda qələmə alınan yazılar istər-istəməz adamı sehrləyir, həyəcanlandırır. Həmin sənət nümunələrinin əsas qayəsi Vətən gözəllikərinin vəsfindən, həyatın çətinliklərindən, dünyanın vəfasızlığından, sevginin müqəddəsliyindən ibarətdir:

Kamil bağban olub bağı becərdim,
Saralıb solarmı yaxşı gül sarı?
Dedilər təbibsən, ağrıyır sərim,
Dərman et , yaramı yaxşı gül
(«Sarı» təcnisi).
1920-ci ildə yazılmış 11 bənddən ibarət «Dünyanın» rədifli qoşmasında isə aşıq zəmanənin dönüklüyündən şikayət edib deyir:

Min doqquz yüz iyirminci ildə bu sözü,
Yazırdım dünyanın qan idi üzü.
Güləydi ellərin yaş axan güzü,
Olaydı bir səbəbkarı dünyanın.

Dədə Şəmşir həmin şe`ri ilə 73 il öncə-1920-ci il və ondan əvvəlki vaxtlarda Azərbaycanda azərbaycanlıların öz dədə-baba torpaqlarında qanına qəltan olmasını, dünyanın qan ağladığını böyük ustalıqla, ürək ağrısı ilə qələmə alıb.
Belə Ağdaban faciəsi Azərbaycanımızın sinəsinə ikiqat dağ çəkib.Bir tərəfdən günahsızlarımızın ölümü, yerimizin yurdumuzun viran edilməsi, digər tərəfdən sinəsi xalq hikmətləri ilə dolu ulu bir el sənətkarının xalqımızın mə`nəvi dünyasının zənginləşməsində misilsiz xidməti olan Şəmşir külliyyatının qəddarcasına məhv edilməsi...

Füzuli Ramazanoğlu.

 

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az