QARABAĞ:
ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ
Qarabağ
Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki
"qara" və "bağ" sözlərindən əmələ gəlmişdir.
"Qara" və "bağ" söz birləşməsi Azərbaycan
xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində
bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid
edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz
doğma torpağının bir parçasına verdiyi "Qarabağ"
sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!)
işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış
kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş
coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal
Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri - Naxçıvan
bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə
bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.
"Qarabağ"ın Azərbaycanın konkret
bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi
onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir.
Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində)
"qara"nın rəngdən başqa "sıx", "qalın",
"böyük", "tünd" və başqa mənaları da
vardır.3 Bu baxımdan, "Qarabağ" termini "qara
bağ", yəni "böyük bağ", "sıx bağ",
"qalın bağ", "səfalı bağ" və s. mənası
kəsb edir.4 Beləliklə, Qarabağın özü kimi "Qarabağ"
sözü də Azərbaycan xalqına məxsusdur.
Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən
belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı
ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır
və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq
Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə
malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət
edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin
- Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün
"Qarabağ tarixi" (1847) əsərində bu məsələdən
bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına
görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən
Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır.
İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı
arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə
Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən
Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib
Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla
sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox
yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək,
Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".5
Rusiya
işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi
və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah
olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul
olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə
əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət
adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız
reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə
də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək
üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil.
Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə
"Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın
bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi
bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə,
"Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur",
separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş
addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ
varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da
belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm
də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran),
həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir
xalqın - Azərbaycan xalqının Vətəni olmuşdur, dilində "qara"
və "bağ" sözləri olan xalqın! Azərbaycan xalqının
yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri
məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.
AMEA-nın A.Bakıxanov adına Tarix
İnstitutu
|