ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


DƏDƏ ŞƏMŞİRİN YARADICILIĞINDA İCTİMAİ-SİYASİ MOTİVLƏR


 

 


Dədə Şəmşirin yaradıcılığını dövrünün qaynar həyatından kənarda düşünmək haqsızlıq olardı.
Aşığın “Seçilmiş əsərləri”nə “El nəğməkarı” başlığı altında ön söz yazan Azərbaycanın xalq şairi Osman Sarıvəlli qeyd edir: “O köhnə əyyamın ağalar, bəylər, mülkədarlar dünyasının əzab-ağrılarını, zəhmətkeş kəndlilərin ağır gözəranını öz gözü ilə görmüş, elin obanın bu dözülməz dərdini şair belə inqilabdan qabaq yazdığı bir sıra şe`rlərində ifadə etməyə çalışmışdır...
Aşıq Şəmşir “Məndən”, “Həcərisdə”, “Darıxma”, “Özümüz” və s. şe`rlərini söyləmişdir. Şəmşirin hələ 1918-ci ildə yazdığı “Özümə” rədifli qoşmasının aşağıdakı misralarına diqqət yetirin:

Bəy deyir: “Yaradan mənəm insanı,
İşləsin qapıda çıxınca canı”.
Bəs mənim torpağım,əkinim hanı?
Niyə çatmır ixtiyarım özümə?

Çəkilb sinəmə dəmir şiş dağı,
Yediyim zəhərdi,içdiyim ağı,
Şəmşir ha qazanır,aparır yağı,
Verən yoxdu qazanc-varım özümə.

Verilən bu nümunədə o dövrdə Azərbaycan rəncbərinin gün-güzəranının poetik xasiyyətnaməsi ustadın şəhidlik məqamşnda inamla təsdiqlənir.
Dədə Şəmşir həmişə, hər yerdə yoxsulun, kasıbın himayədarı kimi çıxış edir.”Yetisin” rədifli qoşmasından vəzi parçalara diqqət etmək yerinə düşərdi:

Budur mənim ilahidən diləyim,
Hər qulun özünə nanı yetirsin.
Qardaşı qardaşa etməsinmöhtac,
Öz payını kərəm-kanı yetirsin.

Verilən poetk nümunədə xoş diləkli, xoş niyyətli aşıq-şair şe`rin V bəndində zəhmət addımlarının firavan yaşayanların, namərdlərin aşına zəhər qatmalarını olduqca ustalıqla qoşmanın işlək məqamına salır:

Zalım yoxsulluqdu insanın dərdi,
Bəndə böhtanının tamı zəhərdi.
Namərd ayağına yıxmasın mərdi,
Halal ruzi rəbbani yetirsin.

Şe`rdən doğan istək-arzu DədəŞəmşirin insanpərvərliyindən, kimsəsizlərə, köməksizlərə doğru yol göstərərək nakəsə deyil, mərd kəslərə sığınmağı qoşmada aparıcı motivə çevirir:

Can versən əyilmə nanəciblərə,
Qul ol, qulluq elə ər oğlu ərlərə.
Bağla ümidini pak ərənlərə,
Harayına o hər anı yetirsin.

Müdrik kəlamlar seçimində öyüd-nəsihət tövsiyyəli bu qoşmada ictimai haqsızlıq göz qarşısındadır.
Aşıq Şəmşirdə aqilə-müdriyə hüsn-rəğbət nə qədər səmimi-güclüdürsə, nanəcibə, hödrüyə kin-qəzəb ondan da güclüdür. Dədə Şəmşir haqsızlığa, ədlətsizliyə, hödrüksüzlüyə dözmür. Hər cür alçaqlığa, vicdansızlığa, sarsaqlığa qarşı barışmaz olan ustad “Bax” rədifli qoşma həcvində onların daşını-daş üstə qoymur:

Zəvzək tula baş ağrıdar həmişə,
Hünər qaraltıya, yalana bir bax.
Nahaq qan tökməyi eyləyib peşə,
Zülmkar, insafsız olana bir bax.

Qusar, yağ götürməz kəlbin qurşağı,
Yemi qara qanqal, qoyuqulağı,
Sənətkara de, qoşmasın lağlağı,
Özündə yüz eyib olana bir bax.

Dədə Şəmşirdən verilən bu poetik nümunələrdə bədii fikrin yönümü, ünvanı sərrastdır. Ustada görə, yaşadığı mühitdə hələ də “zəvzək tulalar”, “qaraltıya hürənlər”, “nahaq qan tökənlər”, “nainsaf”, “zülmkar olanlar” var.
Dədə Şəmşir “Qarışdırar” rədifli qoşmasında haramzadələrə, fitnə-fəsad törədənlərə, şeytan xislətlilərə üz tutaraq deyir:

Haramdan əkilib,haram doğuıan,
Fitnədi, fəsaddı, el qarışdırar.
Lənətdən verilib şeytanın payı,
Pozar, bitmiş işə əl qarışdırar.

Mərddən xeyir gələr, namərddən zərər,
Kəlməsi ağıdı, nəfəsi zəhər.
Nakəs həqiqəti çəpinə çəkər,
Əyər əyriliyə yol qarışdırar...

Sərrast ünvanlanmış bu nümunələrdə Dədə Şəmşir haqlıdır.
Dədə Şəmşir xəlqi sənətkardır. O, mənsub olduğu xalqın müdrik kəlamlarından fikrini sərrast demək üçün ölçülü-biçili istifadə edir. Bu baxımdan Şəmşir duyumunda yerinə düşməyən poetik söz seçiminə rast gəlmək mümkün deyil. “Qaydadı” rədifli qoşması bu cəhətdən fikrimizlə olduqca dürüst səsləşir:

Pay ver, pay alarsan- atalar deyib,
Əzəldən bu adət bizdə qaydadı.
Müüxənnətlər süfrə açıb, ad almaz,
Yalvarar, yaxarar, üzdə qaydadı.

Güclüyə küsənib, fağıra gülmə,
Özünü dağlardan çox uca bilmə.
Namərddən toxunar zəhərli kəlmə,
Kababı yandırmaq közdə qaydadı.

Şəmşir çoxdan deyib şeytana lənət,
Şeytan kimi ara vurana lənət.
Fırıldağa lənət, yalana lənət,
Kişi bütün olar, sözdə qaydadı.

Dədə Şəmşir yaşadığı ömründə bir-birinə daban-dabana zidd iki quruluşun sosial tarixinin yamanlı-yaxşılı dövrünü yaşayan aşıq-şairin poetik duyumunda zəmanənin xasiyyətnaməsini açıqca görürük. Aşıq Şəmşir hələ 1930-cu ildə yazdığı “ Eylər” rədifli qoşmasında utanmaza, nadana, dilbilməzə, dərdqanmaza, üzə qayıdanlara, nanəcib-satqınlara üz tutaraq demişdir:

Dilbilməzə, dərdqanmaza, nadana,
Desən mətləb qanmaz, səni mat eylər.
Ağzına nə gəlsə deyər, utanmaz,
Nə ağrını bilər, nə ismət eylər.

Olmaz elə dostun başa varmağı,
Ürəkdən düz olub, əhval sormağı.
Qəlbində qaynar iblis barmağı,
Qayıdar üzünə səy-sifət eylər.

Şəmşir, dərsin, əlli öyrən, yüz öyrən,
Oxuyanda kamil oxu, düz öyrən.
Ariflərdən mərifətli söz öyrən!
O sözlər sənə çox nəsihət eylər.

Dədə Şəmşir bəzən zəmanəsinin zehniyyətinə sığmır.Ustad “Dəyməz” rədifli qoşmasında “iki üzlü”, ismətsiz-qeyrətsiz kişiləri qeyrətini satan qadınlarla müqayisə edir. Onları xain-xəbis iblisə oxşadır:

İkiüzlü, yaltaq olan kişilər,
İsmətini satan qadına dəyməz.
Adam var ki, səsi tutar hər yanı,
Axtarsan şöhrəti adına dəyməz.

Xainin, xəbisin çəkilməz dərdi,
Onlar ki, ölümdən daha betərdi.
Yemə, namərdlərin aşı, zəhərdi,
Tamı turş ayranın dadına dəyməz.

Şəmşir dostluq dedi, bir də həqiqət,
Xəbisə, xainə, iblisə lənət!
Sənə bihəyanın etdiyi hörmət,
Meşədə qurumuş oduna dəyməz!

Dədə Şəmşir “mənəm-mənəm” deyənləri, yoxsulun malını halal bilib yeyənləri xəbərdar edir ki, zaman belə getməyəcək, qoca dünya səni də əməllərinə görə imtahana çəkib, həzm edəcəkdir. Bu baxımdan maraqlıdır:

Füqarəti ayaqlama zülmkar,
Yoxsulun da vaxtı, bir zamanı var.
Bu gün atlanıbsan, sabah düşərsən,
Bu çarxı-gərdişin nərdivanı var.

Dədə Şəmşirin yaradıcılığında ictimai-siyasi motiv bir silsilə təşkil edir.Bu fikrin məntiqi olan “Zülmkar” rədifli qoşmaya diqqət edək:

Belə getməz, qurulacaqdır bir gün,
Ədalətin haqq divanı, zülmkar!
Bir talan salıbsan elə-obaya,
İnsafın, mürvəətin hanı, zülmkar!

Sən döyürsən məni, nədir günahım?
Yetişən haraya yox bir pənahım.
Yerdə qalmaz bu fəryadım, bu ahım,
Alışıb cəsədim yanır, zülmkar!


Ustadın zəmanəsində haqsızlığı, zülm-sitəmi qamçılayan qoşmaları içərisində “Ağdaban” şe`rinin xüsusi yeri var.Ustadın bu qoşması dövrünün poetik xasiyyətnaməsidir - desək səhv etmərik:

Hardasan, ey bəxtim oyanmayırsan,
Bir gör nə zülmlər var Ağdabana.
Bu zalım bəylərin zülmü, sitəmi,
Baharda yağdırır qar Ağdabana.

Hər ildə alırlar hər evdən bir at,
Dağılıb el-oba, olubdu bərbad.
Qaçmağa yol yoxdu, biz olmuşuq mat,
Ediblər dünyanı dar Ağdabana.

Ölkədə yarana hərki-hərkilikdən dəhşətə-vəhşətə gələn Dədə Şəmşir Kürdüstan – Kəlbəcər mahalının say-saltal, sanlı igidlərini, kəndlərini Ağdabanın köməyinə, birliyinə çağırır:
De hardasan, ey Kürdüstan mahalı?
Bəyəm bu cəfadan deyilsən halı?
Sən harada olmusan, nər meydanına,
Edirlər yağılar, zor Ağdabana.

Seyidlər, Cəmilli, İlyas, Babaşlar,
Levli, Dəmirçidam, qonşu qardaşlar.
El nəsivin el çəkməzmi, yoldaşlar!
Qonubdu sağsağan, sar Ağdabana.

Cəfərli, Mərdanlı Güneypəyədən,
Qoyma başımızda qarğa döyə dən.
Qaçqın olduq evdən, damdan, dəyədən,
Bəy güzar edəndə hər Ağdabana.

Qamışlı, Yanşağa göndərin xəbər,
Şallağın işlədir burada bəylər.
Qəhər oldu bizlər üçün müyəssər,
Hədsiz ziyan dəyir bir Ağdabana.

Aşıq Şəmşir, gör nə qaldı, yaza da,
Qan quruyub, qüvvət yoxdu əzada.
Gələ bir elə gün - olaq azada,
Deyəm olan vardır yar Ağdabana.

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az