Dəmirçidam kəndi Göyçənin gədiyində
yerləşir. O, vaxt ustad - dədə, peşəkar – ifaçı aşıqlarından
və el şairlərindən Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Şair
Məmmədhüseyn, Aşıq Musa, Zodlu Aşıq Abdulla, Aşıq Nəcəf,
Aşıq Talıb, Aşıq Bəsti və b.Miskin Abdal ocağının pir
nəslindən olan Məşədi Məmmədalı oğlu Ağdabanlı qurbangilə
tez-tez gəlib - gedirdilər. Onlar dəmirçidamlıları vüqarlı,
ilqarlı oğul-qızlarının xeyir işlərinin “Divani” və “Düvaqqapması”nı
oxuyub, onlara qoşa qarımaları üçün xeyir-duva verirdilər.
Dədə Şəmişirin babası Məşədi Məmmədalı kişi Ağdaban kəndinin
Çayqovuşan deyilən axar-baxarlı, cənnətməkan bir güşəsində
məskunlaşdıqdan sonra sovet hakimiyyəti qurulanədək -
1920-ci ilə kimi Dədə-baba yurdu Dəmirçidam kəndinin Qoşabulaq
ərazisinə və söyüdlüçay yaylağına yaylağa çıxarmış. Ağdaban
kəndi Şəmşirin ata yurdu Dəmirçidam kəndinə nisbətən təbiətinin
axar-baxarlığına, havasının saflığına görə daha gözəldir.
Bura dörd tərəfdən uca dağlarla, ormanlarla əhatə olunmuşdur.
Lilparlı kebur bulaqları, xəstələrin dərdinə dərman olan
ab-havası, əlçatmaz, ünyetməz zirvələri gələni-gedəni
yoldan edərdi. Əkinçilik-maldarlıqla, yeri gələndə dülgərliklə
də məşğul olan Məşədi Məmmədalı ömrünün-gününün qalan
hissəsini gözəlliklər məskəni Ağdabanda yurd salmaqda
görür. Beləliklə də, o Ağdabanda - Çayqovuşanda məskunlaşır.
Aşıq Şəmişir Qurban oğlu Qocayev 1893-cü ildə Azərbaycanın
Kəlbəcər rayonunun Dəmirçidam kəndində el şair-aşığı Ağdabanlı
şair Qurban Məşədi Məmmədalı Məhərrəm oğlunun ailəsində
dünyaya göz açmışdır.
Dədə Şəmşir “Mənim” rədifli bəyani-halında
oxucusu ilə olum və gün - güzaran tarixini belə bölüşür.
Min səkkiz yüz doxsan üçdə anadan,
Olmuşam, bu qədər yaşım var mənim.
Murov, Qoşqar, Kəpəz, Çilgəz, Dəlidağ,
Məskənim olubdu bu dağlar mənim.
Yaylaqda yayladım çobanlarınan,
Gün keçirdim namus,qeyrət, arınan.
Dolandım ellərdə etibarınan,
Dedilər adıma bəxtəvər mənim...
Dədə Şəmşirin babası Məhərrəm oğlu Məşədi
Məmmədalı ilə yanaşı qardaşları məşədi Məmməd, Oruc da
1901-1903- cü illərdə Ağdabana köçüb özlərinə yurd salmışlar.
Qurban da burada yaşamışdır. Ustadın oğlu Qəmbər Qurbanovun
bizə verdiyi məlumatdan aydın olur ki, Məşədi Məmmədalı,
qardaşları məşədi Məmməd və Oruc Məhərrəm oğlulları Ağdabanda
yürd saldıqları mülkü Teymurxan bəylərindən satın alıb
özlərinə mülk etmişlər. Yeri gəlmişkən qeyd edək ki, digər
aşıqlara nisbətən Aşıq Şəmşirin olum, ölüm tarixi ona
verilən bütün sənədlərdə olduğu kimidir.
Aşıq Şəmşir ədəbi ictimaiyyət bilik-bacarığına,
aşıqlıq ədəbinə, yol ərkanına, ustadlığına görə ona Aşıqlar
“Dədə”si ləqəbini- təxəllüsünü vermiş və adından əvvəl
işlətmişlər. Ləqəb – təxəllüs ustada, peşəkar ifaçı aşığa
əksər hallarda mənsub olduğu xalqın alimləri-müdrikləri,
ağsaqqaları tərəfindən verilir.
Məhz Aşıq Şəmşirə də bu ləyaqətli ləqəb təxəllüsü ədəbi
ictimaiyyət, ziyalılar, aqillər, müdriklər, ağsaqqallar,
aşıq həvəskarları tərəfindən 50-ci illərdən sonrta verilmişdir.