Dədə Şəmşirin bədii yaradıcılığında:
gəraylılarında, qoşmalarında, təcnislərində, divanilərində,
müxəmməslərində adı ismət-qeyrət mücəssiməsi ilə çəkilən
Güllü xanım əslində Kəlbəcərin Seyidlər kəndindəndir.
Sonralar atası Seyid Həsən ailəsi ilə birlikdə köçüb Ağdaban
kəndində sakinləşib. Dədə Şəmşir Güllü xanımla 1927-ci
ildə xoşbəxt ailə qurmuşdur.
Onlar 53 il ömür-gün yoldaşı olmuşlar.Ustad Şəmşir Güllü
xanıma ailədə: “Güllərbəzən”, “Nazlı gəlin”, “Gülgülüm”,
“Süsən gülüm”, “Sərvi sənubərim” – deyə müraciət edərmiş.
Güllü xanım 20 il Şəmşirsiz keçirdiyi günlərini 2000-ci
ilin 18 martında başa vurub, dünyasını dəyişdi.
Deyirlər, ərlə-arvadın torpağı bir yerdən götürülür. Doğrudan
da Dədə Şəmşir ilə Güllü xanımı tanıyanlar onların mənalı
ömür-gün sürdükləri 53 il haqqında ürəkdolusu söhbət açırlar.
Dədə Şəmşirin övladlarından seçmədiyi, həmişə, hər an
ustadın dizinin kündəsini kəsən istedadlı şair Məmməd
Aslan “Yüz ilin başıdı...” yazısında deyir:
“ – Dədə Şəmşir, örün doxsan ilinin doqquz gününü bu xəstəxanada
keçirirsən, burada arvada salam-səfa məktublarından özgə
nə yazmısan?
Bir qalın dəftəri belədən-belə varaqlayır.
- Əlliyə yaxın cinaslı bayatı yazmışam – özünəməxsus şirin
bir qaqqanaq çəkir.- Bunun da çoxusu güllü nənənindir..”
Güllü xanım haqqında Dədənin poetik duyumundan bəzi töhfələr:
Sən uzun ömrünü yaşa, yaxşıdı,
Vəsməni çək qələm-qaşa, yaxşıdı.
İz qarın üstündə qoşa yaxşıdı,
Təkcəmi salırsaniz innən belə.
Yaxud
O işvəli ceyran, o nəcib pəri,
Şəmşiri eyləyib dəli, sərsəri.
Nəğməsilə bağlamışam dəftəri,
Vəsfi qalsın bu cahanda Güllərin.
Biz ümumi tanışlıq üçün Güllü xanımın
poetik portretindən verdiyimiz öyüm-deyimlərlə hələlik
kifayətlənirik. Əminik ki, qədirbilən ortaq Türk dünyasının
poeziya, saz-aşıqsevərləri Dədə Şəmşirin ədəbi irsini
bundan sonra özlərinin stolüstü kitabına çevirəcəklər.