ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


AŞIQ ŞƏMŞİR

GƏRAYLILAR

DAĞLARIN

Yazda bəzənir xalı tək,
Yaşılı, alı dağların.
Quzu mələr yaylağında,
Xoş keçir halı dağların.

Var nərgizi bənövşəsi,
Ətəyində göy meşəsi,
Olur oynamaq peşəsi
Elli, obalı dağların.

Bulaq üstə gəlir nazla,
Qız sənəklə, aşıq sazla,
Bülbülü oxur avazla,
Gözəl, səfalı dağların.

Abad olur yaylaqları,
Xubanların oylaqları,
Çoxdu soyuq bulaqları.
Sərin havalı dağların.

Qayalarda kəklik səkir,
Bulut qalxır, yağış tökür,
Sinəsinə duman çökür,
Güllü, lalalı dağların.

Sarıyerə, Xaçbulağa,
Oba köçür yaylamağa,
Aranlardan bizim dağa
Gəlir mahalı dağların.

Çobanları çalır tütək,
Göy təpələr, gözəl göyçək,
Gölündə çalxanır ördək
Çayı sonalı dağların.

Keçir yazı, gəlir yayı,
Şırıltıyla axır çayı,
Səyyadına çatır payı,
Halal mayalı dağların.

Yarpağa şeh düşür səhər,
Hər qucağı behişt təhər,
Binələri olub şəhər,
Artıb cəlalı dağların.

Payız çölə düşüb qırov,
Qoşqar Kəpəz, Çilyəz, Murov...
Şəmşir gəzir köksündə ov,
Hündür qayalı dağların.


YALVARA-YALVARA

Bir nainsaf biilqara
Qaldım yalvara-yalvara...
Qapısına gecə-gündüz,
Gəldim yalvara-yalvara...

Qaşı qələm, boyu şahbaz,
Fəsli bahar, sinəsi yaz,
Mən yoncudum, o etdi naz,
Öldüm yalvara-yalvara...

Əydim əyilməz başımı,
Heç duymadı təlaşımı;
Sel tək axan göz yaşımı,
Sildim yalvara-yalvara...

Şəmşirəm belə zəhmətlə,
Cana gəldim bu möhnətlə.
Bircə busə yüz minnətlə,
Aldım yalvara-yalvara.




 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az