ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


Dədə Şəmşir dünyası


 

 


Bəllidir ki, aşıq-ozan mədəniyyəti çoxəsirlik tarixə, qədim köklərə malik sinkretik sənət növü olmaqla günümüzəcən gəlmiş, yaşamış və yaşamaqdadır. Qopuzdan saza, yanşaqdan aşığa qədərki tarixi təkmilləşmə prosesində yeni sənət meyarları meydana çıxmış, elin ciddi sınaq və imtahanlarından keçən el sənətkarları “dədə”, “ustad” və s kimi şərafətli adların daşıyıcılarına çevrilmişlər.
Dədə-Qorquddan Dədə Şəmşirə kimi saz-söz sənətkarlarının böyük bir silsiləsi Azərbaycan ədəbi-mədəni mühitinin formalaşmasına, anadilli poeziyamızın və ana ruhlu musiqimizin inkişafına öz əvəzsiz töhfələrini vermişlər. Bu sıradan Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dəllək Murad, Çoban Əfqan, Yəhyabəy Dilqəm, Aşıq Pəri, Aşıq Alı, Aşıq Ələsgər, Növrəc İman, Agdabanli Qurban və Aşıq Şəmşır kimi klassık sənətkarlarımızın poetik irsi şifahi qaynaqlarımızdan süzülən milli-mənəvi dəyərlərimiz, solmaz söz incilərimizdir.
Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib.Söz –sənət tariximizdə Ağdabanlı Qurban adı ilə qalan bu ustad aşıq və tanınmış el şairi aşıq Ələsgərin müasiri olmuş, onların yaxın ünsiyyıtindən, dostluq əlaqələrindən bir sıra deyişmələri yadigar qalmışdır.Aşıq Ələsgər və Ağdabanlı Qurban dövründə Kəlbəcər-Göyçə ədəbi mühitinin eyni ənənələr üzərində formalaşması, saz və söz sənətinin coğrafi hüdudsuzluğu ərazi etibarı ilə yaxın olan bu qonşu ellərin mənən də yaxın olmasına təbii şərait yaratmışdır.Belə bir mühitdə daxili dünyasını tapan Dədə Şəmşir verilmiş ilahi vəhyini bu ustadların və uluların təsiri ilə cilalanmış, çox keçmədən el yığıncaqlarında müstəqil məclislər aparan istedadlı saz şairinə çevrilmiş və dədəlik mərtəbəsinə qədər ucalmışdır.Əslində, Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşir aşıq-ozan sənətinin yeni havalar və havacatlar,qoşqular və düzgülər üzərində inkişafına məxsusi töhfələrini verərkən ədəbi-hüquqi varislik haqqını itirməmişdir.Kəlbəcər-Göyçə, Qarabağ-Gəncəbasar ellərində yaxşı tanınan Aşıq Şəmşiri bütün Azərbaycana daha yaxın tanıdan isə ölməz xalq şairimiz Səməd Vurğun olmuşdur.Kəlbəcər dağlarında, şəfa qaynağı olan İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla-Aşıq Şəmşirlə tanış olur.Kəlbəcər dağlarına böyük şairin gəlişini ürəkdən alqışlayan Aşıq Şəmşirin o zaman bədahətən söylədiyi “Xoş gəlib” rədifli qoşması dildən-dilə düşür:

Elimin-günümün böyük şairi
Gətirib dağlara səfa, xoş gəlıb!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!
Minnətdarıq kamil söz ustadına,
Şan-şöhrət yaraşır onun adına
Bizim Kəlbəcəri salıb yadına,
Bu yolda çəkibdir cəfa, xoş gəlib!

Alqışladıq mahal ilə, el ilə,
Qarşıladıq çiçək ilə, gül ilə,
Saz ilə, söz ilə, şirin dil ilə
Şəmşir deyir bu sərrafa, xoş gəlib!

S.Vurğun aşığın bədahətən söylədiyi bu qoşmanı “Məni” rədifli məşhur şerilə cavablandırır:

Aşıq Şəmşir Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni.

Cəmi dörd bənddən ibarət olan bu şeir tezliklə Kəlbəcər ellərinin dilində əzbər olur.Toyda-düyündə aşıqlar bu deyişməni həvəslə, məhəbbətlə oxumağa böyük Səməd Vurğunu yad etməyə başlayırlar...
Aşıq Şəmşirlə tanışlıqdan sonra S.Vurğun öz təəssüratını mətbuat səhifələrinə çıxartmış, el şairinin şeirlərinin çap olunmasına qayğı göstərmişdir.Zatırlamaq yerinə düşər ki, S.Vurğunla A.Şəmşirin məşhur deyişmələri həmin tarixi günlərin poetik ovqatını və təravətini hələ də saxlamaqdadır.
Aşıq Şəmşir 1980-ci ildə dünyasını dəyişəndən sonra sanki dünya da dəyişməyə başladı.Cəmi səkkiz ildən sonra gül-çiçəkləri gəl-gəl deyən al-əlvan çəmənlər, yamyaşıl vadilər, zümrüd meşələr sanki matəm rənginə büründü.Dağların çal-çağırı kəsildi, bulaqların zümzüməsi, çayların axarı dəyişdi.Şəmşir əmanəti olan Kəlbəcər elləri saqqallı quldurların və azğın kagirlərin gözlənilməz xəyanətləri ilə üz-üzə qaldı.Ağdərədən keçən dədə-baba yolu qanlı-qadalı, təhlükəli bir yola çevrildi.Bu yolda necə-necə yurdaşımızın, o sıradan Dədə Şəmşirşn qızı Çımnaz xanımın da ıtırdi. Kafirlər Ağdərə-Kəlbəcər yolundan kecən avtomobil karvanını gülləbaran edərkən Çimnaz xanımı da, onun yaxın qohumu sonralar Azərbaycanın Milli Qəhrəmanı adını almış Şahlar Şükürovu da qəıflə yetirdilər...
Bu faciələrin miqyası getdikcə genişlənməyə başladı.1992-ci ilin aprelində erməni quldurları Dədədə Şəmşirin doğma kəndi Ağdabanda əsl soyqırımı nümayiş etdirdilər. Ustad sənətkarın ən yaxın qohum əqrabası amansızlıqla qətlə yetirildilər. Bu qətllərdən yalnız mətbuat vasitəsilə xəbər tutan o zaman hakimiyyət rəhbərləri uzaq-ucqar bir dağ kəndinin ğunahsız sakinlərini –doğma soydaşlarını qəfil ölmüş, qanlı terrorun pəncəsindən qopara bilmədilər...Həmin dəhşətli günlərin kulminiyasiyası Dədə Şəmşirin Azərbaycandakı evinin yandırıiması ilə tamamlandı. Bu ev muzeyin çox dəyərli eksponatı olan 40 mindən artıq şeir numunəsi də odlara qalanıb külə çevrildi. Azərbaycanlı Qurbanın, Dədə Şəmşirin əski əlifba ilə yazılmış və əksəriyyəti çap olunmamış şeirləri də bu numunələrlə birlikdə yandı: Aşığın oğlu Qənbər Qurbanov o dəhşətli günləri belə xatırlayır: “1992-ci il aprelin 8-də , səhər tezdən ermənilər öz faşist əməllərini ğizləyə bilmədilər. Çoxdan puskuda dayanan ac canavar kimi günahsız kənd camaatını parçalayıb onları odlara qaladılar. Ağdabanla Çayqovulan darmadağın edildi. “Bizim nəsildən 14 nəfəri ermənilər vəhşicəsinə qətlə yetirdilər...Bəkir kişini,Tukunu, Zeyəb arvadı, Fatmanı, Həyatı, Musanı həmin gün diri-diri yandırıldı...”
1993-cü ilin aprelində Kəlbəcər tam işğal olundu.Qaçqınlıq, köçkünlük yurdaşlarımızı yurdundan, yuvasından perik saldı... Dədə Şəmşirin də məzarı və məzarı üstündə qara mərmərlərdən tökülmüş qeyri-adi abidəsi əlimiz çatmayan o torpaqlarda qaldı. Kəlbəcərlilər çox sevdikləri ustad sənətkarın, el ağsaqqallının məzarını özləri ilə gətirə bilməsələr də, onun şeirlərini ürəklərində və ruhdan-ruha, nəsildən-nəslə keçən qan yaddaşlarında gətirdilər...
1993-cü ilin müharibə ovqatı Aşıq Şəmşirin 100 illik yubileyini qeyd etməyə imkan vermədi. Bunu istəyənlərin say çoxluğuna baxmayaraq, saz və söz ustadımızın oğlu Qənbər Qurbanov da bu yubiley tədbirinin keçirilməsinə razılıq vermədi. 2003-cü ildə Dədə Şəmşirin 110 yaşı tamam oldu. Qüdrətli el sənətkarının yubleyini keçirmək üçün Respublika Prezidentinin verdiyi fərman aşıq poeziyasının demək olar ki, bütün poetik formalarında özünəməxsus şairlər yaradan, orijinal səsi, nəfəsi və çalğısı olan əməkdar incəsənət xadimi, “Şərəf nişanı” ordenli ustad sənətkarın dövlət səviyyəsində bir daha xatırlamağa, yaradıcılığını daha ətraflı öyrənməyə və yaymağa yeni imkan yaranmış oldu.Dədə Şəmşirin il boyu bölgələrdə keçirilən yubiley mərasimləri 2004-cü ildə Bakıda-H.Əliyev adına respublika sarayında da rəsmi səviyyədə yekunlaşdırıldı.
Aşıq Şəmşirin poetik irsini dürüst dəyərləndirmək üçün onun şeirlərinin mövzu dairəsinə, estetik mahiyyətinə, məna-məzmun tutumuna, sənətkarlıq xüsusiyyətlərinə həssaslıqla yanaşmaq lazımdır.Bu qoşqular mövzu əlvanlığı ilə seçildiyi kimi yeni fikir aşılayan aforistik deyim tərzi ilə də fərqlənir:

Şöləsi çıxarmı yağsız çırağın,
Meyvəsi kəm olar bağbansız bağın.
Sünbülü dən tutmaz şoran torpağın,
Sərvətsiz qumsallar zər olarmı heç?!

Folklorun qədim qatlarından, el deyimindən, xalq duyumundan süzülüb gələn belə misralar Aşıq Şəmşir poeziyasının cövhərini təşkil edir.Sənətkarı xalqa sevdirən özəllik də məhz bu deyimlərdən başlayır.Didaktik şeirin tarixi şairin öz tarixi qədərdir.Zaman-zaman istər şifahi, istərsə də yazılı poeziyamızda öyüd-nəsihət motivi öz aktuallığını nəinki itirib, əksinə, yaşadı və davamlı bir ənənəyə çevrilib.Şifahi müstəvidə bu ənənə ustadlarımızdan qalan ustadnamələrdə özünü daha parlaq nümayiş etdirib. Aşıq Şəmşir yaradıcılığına xas olan ustadnamələr, öyüd-nəsihət məzmunlu qoşmalar, gəraylılar, müxəmməslər də mövcud ənənə sisteminin təbii davamıdır:

Xain, mərdimazar durmaz farağat,
Mərdin meydanında namərd qalar mat.
Qorxaqdan Koroğlu, yabıdan Qırat,
Hər alçaqdan bil ki, İsgəndər olmaz.
Yaxud,

Tərlan kəklik ovlar, şikardan qalmaz,
Sərçə min qarında darı saxlayar.
Beş canavar ərz üzünə sığışmaz,
Bircə pətək yüz min arı saxlayar.

“Bircə pətək yüz min arı saxladığı” halda “beş canavarın ərz üzünəsığışmaması” əslində insan cəmiyyətinə xas olan sosial-mənəvi dialektikadan xəbər verir.Dədə Şəmşir dünyamızın təzadlı olaylarına aydınlıq gətirmək üçün alleqorik predmetlərdən ustalıqla istifadə edir.Belə şeirlərin təlqin etdiyi ibrət oxucunu saflığa, insafa, imana çağırır.Ümumiyyətlə, böyük humanizm, xeyirxahlıq, səxavət, etibarı, sədaqət, səmimiyyət, igidlik, mərdlik kimi atributlar Aşıq Şəmşir poeziyasının leytmotivini təşkil edir:

Ey ərzin üzündə yaşayan insan,
Gəlin sülhə sarı el sevındirək.
Xaraba qalmasın bu gözəl cahan,
Bir-birə əl tutaq, əl sevindirək.

Kimsənin xətrinə kimsə dəyməsin,
Bir kəsin işini kimsə əyməsin.
İşıqlı xoş günlər qara geyməsin,
Nəğmələr xoş olsun, il sevindirək.
Dədə Şəmşir aşıq şeirini müxtəlif poetik formalarında qələmə aldığı nümünələrlə qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməsləri ilə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamıızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən və buna öz vəhyini, fitrətini əlavə edən qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaratmışdı. Kəlbəcər ellərində qırxdan artıq şəyirdinin aşıq sənətinə yiyələnməsində ustad sənətkarın xidmətləri danılmazdır. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olmuşdur. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhman Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaratmışdır. Nəticə etibarı ilə Aşıq Şəmşir Kəlbəcər ədəbi mühitinin formalaşmasında öz töhfəsini vermişdir.
Dədə Şəmşirin şeir dili layla, bayatı dilidir.Bu dildə Dəlidağın döşündən qaynayan çeşmə saflığı, başı taclı qayaların, yerə millənən şəlalı şaqraqlığı, zümrüd meşələrin pıçıltısı,bənövşə ətri, nərgiz rayihəsi, bir sözlə möcüzələr diyarı Kəlbəcərin şəhdi, şirəsi bütün çalarları ilə özünü göstərir:

Çəmənli, çiçəkli bahar könlümün
Açıqdı çiskini-dumanı yoxdur.
Çəkilib qəlbimdən qara buludlar,
Çovğunu, yağmuru, boranı yoxdur.

Ağlasam təsəlli gözüm üçündür,
Mətləbin mənası sözüm üçündür,
Çəkdiyim cəfalar özüm üçündür,
Bir başqa kimsəyə ziyanı yoxdur.

Şəmşir kimin kəməndində boğulmuş,
Könlüm dəyirmandı-suyu sovulmluş.
Varmı mərd əkilmiş, igid doğulmuş
Ha gəzirəm dağı, aranı yoxdur.
Aşıq Şəmşir Azərbaycan türkcəsinin zəngin leksikonundan gen-bol istifadə etməyi bacaran sənətkar olmuşdur.Onun təcnisləri, cinaslı rübailəri və bayatıları dediklərimizə əyani sübutdur.Məlumdur ki, cinas qafiyəli şeir yazmaq daha çox dili mükəmməl bilən söz sərraflarına aiddir.Aşıq poeziyasında sənətkarlığın zirvəsi sayılan təcnis Dədə Şəmşirin yaradıcılığında da özünəməxsus yer almışdır.Təcnis müəllifləri bir çox hallarda omonimliyi qorumaq üçün –zahiri effekt xatirinə məzmunu formaya qurban veriblər.Aşıq Şəmşirin təcnislərində forma-məzmun vəhdəti göz qabağındadır.O, şeirin daxili məna tutumunu formal zahiri qiyafəyə qurban verməkdən uzaqdır:

Təbib qarşı gəlsə sağalar yara,
İstər ağla, ya sızılda, ya zarı.
Qışın ömrü təslim olur bahara,
Çiçəklərdən bal çəkəcək yaz arı.

Gəl, sən doğru, bu düz yola, dön, qarı,
Düzələrmi gəc ağacın donqarı!
Qışdan qalan quzeylərin don qarı,
Görürsənmi, gəldi çaşdı yaz, əri.

Ümmandasan, sən bir mayaq al ələ,
Şəmşir sənə yaxşı yoldaş, a lələ.
Seçəcəkdir sərraf baxsa a lələ,
Tanıyacaq ya sandalı, ya zəri.
İşlənməmiş təzə cinas qafiyələrdən istifadə Aşıq Şəmşirin bayatılarında da özünü göstərir.Ustad sənətkarın şeir dilindəki ifadə zənginliyi, özündə ehtiva edən məzmun gözəlliyi, estetik mahiyyət, başqa sözlə, poetik semantika ümumən Azərbaycan türkcəsinin zənginliyindən və gözəlliyindən xəbər verir.
Kəlbəcər toylarını Aşıq Şəmşirsiz təsəvvür etmək çətin idi bir zamanlar.Bu, o, zaman idi ki, dağların qoynuna sığınmış, qarlı-qartallı zirvələri özlərinə arxa bilən el-oba şad-xürrəm, firavan bir ömür yaşayırdı.Dədənin səsi, sözü və çalğısı bu ömrün naxışı, bəzəyi idi.Gənc ailələr Dədə xeyir-duasından müstəqil yaşam tərzinə qanadlanardılar.Beləcə, Dədə Şəmşir müdrik el ağsaqqalı kimi yaddaşların nəzərində Dədəlik mərtəbəsinə ucalmışdır.
Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi müasir həmkarlarından heç kəslə müqayisə edilmirdi.Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gələ bilib.
Ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb.Indi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.
Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb.Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”(Azərnəşr,1971), “Seçilmiş əsərləri”(Azərnəşr,1973), “Dağ havası” (Gənclik,1978), “Şerlər”(Yazıçı,1980), “Öyüdlər”(Ozan,1996) və s. kitabları işıq üzü ğörüb.Bu kitabların əsas naşiri qocaman saz-söz sənətkarına dərin rəğbət bəsləyən Əjdər Xanbabayev olmuşdur.Bundan əlavə Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş bir neçə monoqrafik kitabın da adlarını göstərmək yerinə düşər:
Osman Sarıvəlli: ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”(Elm,1973), Məmməd Aslan: “Saxla izimi, dünya”(İşıq,1989), “Dədə Şəmşir yaddaşlarda” (toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu,Gənclik,2000).Eyni zamanda ustad sənətkarın poetik irsinə təhlili münasibət bildirən bir çox məqalə müəlliflərinin sırasında professor Mürsəl Həkimovun, Hüseyn Kürdoğlunun, İlyas Tapdığın,f.e.namizədi Elxan Məmmədlinin, Füzuli Ramazanoğlunun, İlham Məmmədlinin adlarını da xüsusilə çəkmək istərdik.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun bu yaxınlarda çapa hazırladığı kitaba görkəmli el sənətkarlarının yaradıcılığından seçmələr daxil edilmişdir.Hesab edirik ki, bu seçmələr Aşıq Şəmşir yaradıcılığı haqqında mükəmməl təsəvvür yaratmağa qadir olacaqdır.

Adil Cəmil.
Filologiya elmləri namizədi


 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az